“Səhiyyə turizmi ilə əlaqədar ölkəyə gələnlər Atatürk aeroportu ərazisində inşa edilən xəstəxanaya yerləşdiriləcəklər”
Mayın 10-da İstanbulda şəhərin mərkəzi hissəsi ilə yeni aeroportu birləşdirən “Qayrettepe-İstanbul aeroportu” metro xəttinin bir qisminin tamamlanması münasibətilə tədbir keçirilib.
AYNA Türkiyə KİV-ə istinadən bildirir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telekonfrans vasitəsilə iştirak edib.
Türkiyə Prezidenti çıxışında bu yeni layihə ilə İstanbulun tıxac probleminin aradan qaldırılacağını bildirib.
Koronavirusun ölkədəki yeniliklərə təsir etməyəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan İstanbulda inşa edilən yeni xəstəxanalar barədə də məlumat verib. O, bildirib ki, səhiyyə turizmi ilə əlaqədar ölkəyə gələnlər Atatürk aeroportu ərazisində inşa edilən xəstəxanaya yerləşdiriləcəklər.