Əmlak bazarı böhran yaşayır - <font color=red> Bağ evləri xaric</font>

Cəmiyyət

30.07.2020 - 19:16

“İndi daşınmaz əmlak almaq üçün əlverişli vaxt deyil”

 

Daşınmaz əmlak həmişə sərfəli investisiya hesab olunurdu, lakin indi bazar durğunluq içərisindədir. Vətəndaşlar, əsasən şəhərətrafı daşınmaz əmlak alqı-satqısı ilə maraqlanır və bu seqmentdə qiymətlər artır.

 

Daşınmaz əmlak mütəxəssisi Rəşad Əliyev AYNA-ya açıqlamasında yay bağlarının bahalaşmasında təəccüblü bir şey olmadığını deyib: “Hər yayqabağı bağların alınması və kirayəsi dəyəri artmağa başlayır. Qiymət əhəmiyyətli dərəcədə yüksələ bilər, ancaq bu, müvəqqəti ajiotaj xarakteri daşıyır. Yay bağ evləri yalnız üç isti ayda populyar olur, qışda isə insanlar bağ evlərinə təlabat hiss etmirlər. Təbii ki, qışda yaylıq evlərin qiymətini yay qiymətləri ilə müqayisə etsəniz, fərq əhəmiyyətli olacaq. Real mənzərəni bilmək üçün bu ilin yay qiymətlərini ötən ilin yay qiymətləri ilə müqayisə etmək lazımdır”.

 

Ekspert bu il karantin rejiminin şəhərətrafı daşınmaz əmlakın cəlbediciliyini artırdığını və dəyərinin bir qədər də bahalaşmasına səbəb olduğunu bildirib: “Vətəndaşların hərəkətinin məhdudlaşdırılması, rayonlara sərbəst gedə bilməmələri onları bağ evləri almaq və ya icarəyə götürmək barədə düşünməyə vadar etdi”.

 

Qeyd edək ki, bəzi mütəxəssislər son zamanlar həyət sistemi olan evlərə tələbatın artdığını söyləyirlər. Lakin, R.Əliyev bu cür daşınmaz əmlaka marağın artımını müşahidə etmir: “Karantində belə evlərlə yaxından maraqlanan insanlar var, lakin tələbin böyük olması və bu seqmentdə qiymətlərin ciddi artımı barədə danışmaq düzgün olmazdı. Hər şey evin yerləşməsindən asılıdır. İnkişaf etmiş infrastrukturu olan bir ərazidədirsə və dənizdən çox uzaqda yerləşmirsə, orada həm yay, həm də il boyu yaşamaq mümkündür. Amma ev infrastrukturdan uzaq, narahat yerdə yerləşərsə, potensial alıcılar arasında o qədər də maraq oyatmayacaq”.

 

“İndi, ümumiyyətlə daşınmaz əmlak almaq üçün əlverişli vaxt deyil. Birincisi, karantin hələ ləğv edilməyib və insanların əksəriyyətinin harasa gedib mənzilə baxmaq üçün vaxtları məhduddur. İkincisi, insanların çoxunun onu almaq üçün pulu yoxdur. Ölkədəki iqtisadi vəziyyət çox arzuolunmaz hala düşür, ancaq bunun yalnız pandemiya ilə əlaqələndirilməsi düzgün deyil. Böhran daha erkən - neftin ucuzlaşması ilə yaranmağa başladı. Vəziyyət 2014 və 2008-ci illərdə də oxşar idi. Əlbəttə, iqtisadiyyatın belə bir vəziyyəti əmlak bazarına mənfi təsir göstərməyə bilməz”, - mütəxəssis vurğulayıb.

 

Qiymətlərin düşdüyünü və ya artdığını anlamaq üçün daşınmaz əmlak bazarı aktiv olmalıdır. İndi praktik olaraq bu sahədə durğunluqdur. Həm alıcılar, həm də satıcılar daha əlverişli dövrün gəlməsini gözləyirlər. Əliyevin sözlərinə görə, daşınmaz əmlakla işləyənlər üçün əsas problem müştərilərin olmamasıdır.

 

Tikinti materiallarına gəldikdə, o, qeyd edib ki, bahalı seqmentlər istisna olmaqla, materialların ölkəyə gətirilməsi və satışında heç bir problem yoxdur: “Xüsusilə, sement, armatur kimi materiallar ölkəmizdə hazırlanır və istehsalçılar onlara olan tələbatın qorunmasında maraqlıdırlar. Amma təmir-tikinti işlərinin həcmi də xeyli azalıb”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya deyib ki, şəhərdə həyət sistemi olan evlərdə yaşayan insanlar, onların sökülməsi və yerində yeni tikililərin ucaldılması səbəbindən yenidən belə evlərdə yaşamaq üçün darıxırlar: “Yay bağ evləri olan insanlar çətin ki, həyət evləri alsınlar, amma kimin bağı yoxdursa, bazarın bu seqmenti ilə ciddi maraqlana bilər və belə bir satınalma kompromis seçim ola bilər”.

 

“Karantin həyət evi olan insanları belə evlərin rahatlığına bir daha əmin etdi. Ev şəhər daxilindədirsə, işə, təhsilə yaxınlıq baxımından rahatdırsa, eyni zamanda belə bir evdə yaşamaq bugünkü şəraitdə insana daha çox azadlıq hissi verəcək. Bəli, paytaxtdakı belə evlərin gec-tez söküləcəyi ehtimalı var, ancaq sahibləri quru yurdda qalmayacaq. Aldıqları kompensasiya ilə bundan sonra nə edəcəkləri barədə rahat qərar verə bilərlər”, - müsahibimiz bildirib.

 

Ağayevin sözlərinə görə, bağların kirayə və satış dəyərinin artmasına baxmayaraq, insanlar həvəslə şəhərətrafı daşınmaz əmlak almağa hazırdırlar: “Zaqulbadan Novxanıya qədər yay bağlarında tikinti davam edir. Daşınmaz əmlak qazanclı bir investisiya olaraq qalır deyə, qiymətlərin aşağı düşməsi müvəqqəti haldır. İndi yeni binalarda mənzil satışı qiymətləri aşağı düşsə də, bu, daimi xarakter daşımır. Göydələnlərdə kommunal xərclərin və qaraj icarəsinin qiymətlərinin qalxması da onu sübut edir ki, insanlar reallıqda yeni binalarda yaşamağa can atırlar”.

Müəllif: Elya Belskaya