Bəzi bağlamalarda CNN loqosu olub
Ekvador polisi ölkənin şimal-qərbindəki Esmeraldas əyalətində böyük bir kokain müsadirəsi həyata keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 1,6 ton narkotik maddə aşkar ediblər ki, bunlardan bəziləri Amerika televiziya kanalı CNN-in loqosu ilə işarələnib.
Polisin məlumatında qeyd edilib: "Polis Muisne ştatının San Qreqorio şəhərində əməliyyat keçirib və nəticədə ümumi çəkisi təxminən 1,6 ton olan 1611 paket kokain hidroxlorid müsadirə edilib".
Polisin məlumatına görə, bu ərazi qanunsuz maddələrin saxlanması və daşınması üçün mümkün yer kimi müəyyən edilib. Açıqlanıb ki, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 kisə kokain hidroxlorid, eləcə də bir sürət qayığı, iki qayıq mühərriki və təxminən 900 litr yanacaq aşkar ediblər ki, bunlardan dəniz yolu ilə narkotik daşınması üçün istifadə edilə biləcəyi ehtimal olunur.