Əfqanıstanın vitse-prezidentinə qarşı sui-qəsd: Kortejində partlayış olub

Dünya

09.09.2020 - 13:52

Salehin özü yaralanmayıb, amma üç mühafizəçisi ölüb

 

Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehə sui-qəsd həyata keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, sui-qəsd Saleh işə gedərkən baş verib.

 

Belə ki, onun avtomobil korteji paytaxt Kabildə hərəkətdəykən yaxınlığında bomba yüklü avtomobil partlayıb. Salehin özü yaralanmayıb, amma üç mühafizəçisi ölüb.

 

Terror hücumu nəticəsində ən az 12 nəfər yaralanıb. Əfqanıstanın Səhiyyə Nazirliyi rəsmilərinin dediyinə görə, iki cəsəd və 7 yaralı yerli xəstəxanaya aparılıb.

“Bu gün Əfqanıstanın düşmənləri yenidən Salehə zərər verməyə çalışdılar, lakin pis niyyətli hədəflərinə çata bilmədilər. Allahın lütfü və millətin duaları nəticəsində terror hücumu alınmadı”, - deyə vitse-prezidentin sözçüsü Razvan Murad qeyd edib.

 

Terror hücumu ilə bağlı cinayət işi açılıb, sui-qəsd cəhdi araşdırılır.

Müəllif: Ayna.az