Ədalətin və inkişafın önündəki məmur səddi: böyük fürsətlər itiririk

İqtisadiyyat

25.04.2022 - 19:47

Ekspert: “İnhisarçılıq, məmur özbaşınalığı və ədalətsiz məhkəmə sitemi şəraitində inkişafdan danışmaq olmaz”

İş adamı: “Dövlət başçısı özəl sektorun inkişafını prioritet istiqamətlərdən birinə çevirib, lakin məmur oliqarxiyası buna mane olmağa çalışır”

Prezident İlham Əliyevin Sahibkarlar Gününün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sərəncamda bildirilir ki, ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə belə bir qərar qəbul olunur.

Məlumdur ki, məmur özbaşınalığı, inhisarçılıq, idxal və ixrac əməliyyatları zamanı yaradılan maneələr, korrupsiya və rüşvətxorluq biznesin inkişafının qarşısını alan əsas amillərdir. Elə bu səbəb əsas gətirilərək, biznes mühitinin əlşverişliliyinə görə Azərbaycanın adı bir çox beynəlxalq hesabatlarda mənfi yöndən çəkilir.

Təsadüfi deyil ki, dövlət başçısı dəfələrlə məmurlara xəbərdarlıq edərək, onları  sahibkarlara qarşı təzyiqlərə son qoymağa çağırıb. Bildirib ki, sahibkarlığın inkişafının qabağını alan əsas səbəb məmur özbaşınalığıdır: “Rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır”.

Ölkədə sahibkarlığın vəziyyətini AYNA-ya şərh edən iqtisadçı ekspert Xalid Kərimli hesab ki, biznes mühitinin təkmilləşdirməsinə çox ciddi ehtiyac var: “Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, bir çox hallarda proses sona qədər aparılmır. İnvestisiya və biznes mühitində problemlər hələ də qalmaqdadır. İnhisarçılıq, məmur biznesi, məmur müdaxiləsi, dövlət satınalmaları, yəni tenderlər zamanı ortaya çıxan problemlər, dövlət sifarişlərinin verilməsində baş verən neqativ hallar biznesin inkişafına ciddi problemlər törədir. Bundan başqa, məhkəmə siteminin təkmilləşdirilməsinin, modernləşdirilməsinin davam etməməsi, məntiqi yekuna çatmaması, mülkiyyət hüquqlarının qorunması sahəsində olan problemlər, müqavilə hüquqlarının təmin edilməsi sahəsində ortaya çıxan çətinliklər, qəbul edilən qərarların icra mexanizmi zamanı baş verən qanunsuzluqlar özəl sektorun fəaliyyətinə ciddi zərbə vurur”.

“Bütün bunların fonunda isə məmurların müdaxiləsi ön plana çıxır. Hansı ki, bu, ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsində bəyan olunur. Şübhəsiz ki, biznes mühitinin təşkmilləşdirilməsinə, risklərin aşağı salınmasına, xərclərin azaldılmasına ciddi ehtiyac var və bunu etmədən biznes sektorunu inkişaf etdirmək mümkün olmayacaq”, - deyə həmsöhbətimiz bildirib.

Qeyd edib ki, sağlam rəqabət mühiti formalaşarsa, Azərbaycanda biznes mühiti üçün münbit şərait mövcuddur: “Sağlam rəqabət məşğulluğun artırılması, keyfiyyətli məhsul təminatı, qiymətlərin isə ucuz olması deməkdir. Liberal bazar iqtisadiyyatı şəraitində bunları təmin etmədən ciddi uğurlardan danışmaz mənasızdır. Unutmaq lazım deyil ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün potensial imkanlar mövcuddur. Bunu qiymətləndirmək lazımdır. Dəqiq müəyyənləşdirilmiş oyun qaydaları, ədalətli məhkəmə sistemi, inhisarçılığın aradan qaldırılması, məmurların biznesə müdaxiləsinin qarşısının alınması, ucuz kapitala çıxış özəl sektorun inkişafı istiqamətində ciddi addımlar ola bilər”.

“Nəzərə alanda ki, son dövrlər dünya miqyasında baş verən hadisələr yeni reallıqları diqtə edir və hər bir ölkə yalnız yerli istehsalı artırmaq, sağlam rəqabət mühiti ilə özəl sektoru təviq etməklə bundan yayına bilər, dünyanın ayrılmaz hissəsi olaraq biz də buna xüsusi önəm verməliyik”, - deyə Kərimli vurğulayıb.

Sahibkar Vəsilə Abdulova da AYNA-ya açıqlamasında deyib ki, özəl sektorda həllini gözləyən problemlər mövcuddur: “Əsas problem vergi yükünün çox olması, məhsulların təqdimatı ilə bağlıdır. Biznes kreditlərinin verilməsi zamanı təklif olunan faiz dərəcləri çox yüksəkdir. Halbuki beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, inkişaf etmiş və etməkdə olan bir çox dövlətlərdə biznes kreditləri aşağı faiz dərəcləri ilə təqdim olunur. Mövcud şərait sahibkarların biznes kreditlərinə marağını və əlçatanlığını azaldır. Məhz elə bu səbəbdən də iş adamları kredit götürən zaman əsas diqqətlərini onların qaytarılmasına yönəldirlər. Nəticədə biznesin inkişafı, böyüməsi arxa plana keçir”.

“Yaxşır olardı ki, biznes kreditləri ilə bağlı xüsusi dövlət proqramı hazırlansın. Kreditlər sahibkarlara təqdim edildikdən sonra onlara müəyyən zaman tanınsın. Həmin müddət bitdikdən sonra kreditləri geri tələb etmək daha məqsədəuyğundur. Məlumat üçün deyim ki, xarici təcrübədə bu müddət bir ildən başlayır”, - deyə xanım iş adamı söyləyib.

Onun sözlərinə görə, özəl sektorun əsas problemlərindən biri də gender bərabərliyinin pozulması ilə bağlıdır: “Bir çox hallarda dövlət satınalmaları, yəni tenderlər zamanı kişilərin təmsil olunduğu şirkətlərə xüsusi önəm verilir. Qadınlar isə əksər hallarda bu prosesdən kənarda qalırlar. Bu yanaşma kökündən dəyişilməlidir və biznes sektorunda cinsi ayrıseçkiliyə son qoyulmalıdır. Əgər xanım iş adamıdırsa və tələb olunan şərtlərə uyğun fəaliyyət göstərirsə, nəyə görə tenderlərdə qalib gəlməməlidir?! Prezident İlham Əliyev dəfələrlə məmurlara bununla bağlı xəbərdarlıq edib. Əgər dövlətin başçısı deyirsə ki, məmurlar sahibkarlığın inkişafının qarşısında dayanan əsas maneədir, bu, artıq vəziyyətin ciddiliyindən xəbər verir. Məmurlar sahibkarlara dəstək olmursa, əksinə, ilk fürsətdə dövlət başçısının da söylədiyi kimi, onlara mane olmağa çalışırsa, həmin məmurlara qarşı ciddi ölçlü götürülməlidir”.

“Son dövrlər əlverişli biznes mühitinin yaradılması istiqamətində müəyyən irəliləyişlər nəzərə çarpır. Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığa son qoyulması, sənaye müəssisələrinin yaradılması, özəl biznesin təşviq edilməsi, assosiativ ticari birliklərin dövlət qurumları ilə səmərəli əməkdaşlığı, sosial sahibkarlıq subyektlərinə yönəldilən investisiyalar, dövlət güzəştləri müsbət məqamlardır. Görünən odur ki, dövlət başçısı özəl sektorun inkişafını prioritet istiqamətlərdən birinə çevirib. Lakin məmur oliqarxiyası buna mane olmağa çalışır”, - deyə Abdulova fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev