Dünyanın ikiəlli yapışdığı sistemə Azərbaycanda inamsızlıq var – SƏBƏB və NƏTİCƏ

Cəmiyyət

09.02.2022 - 13:17

“Oyunun bütün iştirakçıları razı olduğu zaman sistem normal işləməyə başlayır”

İcbari tibbi sığorta (İTS) çoxdan bir çox ölkələrdə mövcuddur və özünü uğurla təsdiqləyib. Uzun müddətdir ki, İTS-in tətbiqi zərurətindən danışırıq, çünki heç də hər kəsin müayinələr, prosedurlar və əməliyyatlar üçün pulu yoxdur. Bu sistem tibbi xidmətləri sərfəli etmək üçün nəzərdə tutulub.

İTS paketi çərçivəsində vətəndaşlara 2550 adda tibbi xidmət növü göstərilir. Bu, təsirli səslənir, lakin hələ də çoxları tam olaraq hansı xidmətləri ala biləcəklərini, bu sistemin ümumilikdə necə işlədiyini bilmirlər və buna şübhə ilə yanaşanlar da az deyil.

Xatırladaq ki, əmək müqaviləsi ilə işləyən və aylıq gəliri 8000 manatdan çox olmayan əməkhaqqı alan vətəndaşların əməkhaqlarından bu məqsədlər üçün 2 faiz tutulur.

AYNA vətəndaşların icbari tibbi sığortaya münasibətini öyrənmək üçün kiçik sorğu keçirib və nəticələr əsasında bir neçə fikri ümumiləşdirmək olar.

“Mənim şəxsi tibbi sığortam var və bu, mənim üçün kifayətdir, ona görə də çətin ki, İTS-dən istifadə edim. Amma təbii ki, buna həqiqətən ehtiyacı olanlar, ilk növbədə pensiyaçılar və işsizlər var. Əsas odur ki, hər şey deyildiyi kimi olsun”, - deyə həmsöhbətlərimizdən biri bildirib.

“İcbari tibbi sığortaya görə maaşımdan 2 faiz tuturlar. Amma hələ də sığorta üçün tibbi xidmətləri necə əldə edəcəyimi bilmirəm. Əvvəlki kimi özəl klinikalara gedirəm və pulu öz cibimdən ödəyirəm”, – deyə başqa bir respondent qeyd edib.

Həqiqətən, vətəndaşların əhəmiyyətli bir hissəsi İTS üçün pul ödəsə də, özəl klinikaların bahalı xidmətlərindən istifadə etməyə davam edirlər.

İcbari tibbi sığorta çərçivəsində tibbi yardım almaq üçün müraciət edən bəzi xəstələr lazımi cihazın işləməməsi ilə üzləşdiklərini, sonra bir neçə gün müayinə gözləmək lazım gəldiyini və hətta təəccüblü sifət edən və xidmətin pulunu ödəməyin lazım olduğunu söyləyən həkimlərlə də qarşılaşdırlarını söyləyirlər.

Ancaq İTS-dən və onun göstərdiyi xidmətlərdən razı qalanlar da var. Məsələn: “Mənim vəziyyətimdə hər şey sadə oldu: poliklinikada mənə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən özəl klinikaya göndəriş verdilər, orada da mənə lazımi tibbi yardım göstərildi”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya dediyinə görə, İTS sisteminin xeyri çoxdur: “Siyahıya bahalı olanlar da daxil olmaqla bir çox xəstəlik və xidmətlər daxildir. Mən bahalı xidmətlər üçün belə, sığortadan istifadə edənləri tanıyıram, ona görə də dinamika müsbətdir”.

“İnsanların seçimi var - icbari tibbi sığorta ilə tibbi xidmət almaq və ya özəl klinikaya müraciət edib, onun haqqını özləri ödəmək. Elə hal olub ki, şəxs icbari tibbi sığorta üçün dövlət xəstəxanasına müraciət edib, lakin orada lazımi xidmət göstərilmədiyi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, özəl klinikaya göndərilib”, - deyə Ağayev vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində İTS-in qəbulunun uzun müddət ləngidiyini xatırladıb: “Birincisi, Mingəçevir və Bərdədə pilot variantları var idi, orada İTS ilə bağlı böyük problemlərin olduğu ortaya çıxdı. Buna baxmayaraq, bu sistemdən istifadə etmək qərarına gəlindi, çünki daha da uzatmaq mümkün deyildi. Ya hər şeyi ləğv etmək, ya da başlamaq, sonra yol boyu dəyişikliklər etmək lazım idi ki, təəssüf, bizdə belə hallar tez-tez olur”.

“Problem ondadır ki, əhali icbari tibbi sığortaya gedən köçürmələrin qarşılığını görmür. İnsanlar bunun onlara nə verdiyini də yaxşı bilmirlər. Və bildiyimə görə, insanlarla heç bir müqavilə də bağlanılmır. Öhdəliklər var, lakin İTS proqramına üzv olmaqla nə əldə edəcəyinizi və ondan necə istifadə edə biləcəyinizi nəzərdə tutan heç bir müqavilə yoxdur. Vətəndaşlarımız bu barədə praktiki olaraq məlumatlandırılmır”, - deyə ekspert qeyd edib.

O, digər problem kimi insanların əksəriyyətinin bu sistemin effektivliyinə inanmaması, onu tibbi xidmətlər almağa imkan verən ödəniş kimi deyil, sadəcə növbəti vergi kimi qəbul etməsini göstərib: “Bununla bağlı vətəndaşlara daha çox məlumat verilməlidir. İnsanlar icbari tibbi sığorta üzrə həqiqətən də tibbi yardım alacaqlarını biləndə bu sığortaya münasibət kökündən dəyişəcək”.

Özəl klinikalara gəlincə, Cəfərlinin sözlərinə görə, bahalı əməliyyatların və bahalı laboratoriya müayinələrinin ödənişinin necə tənzimlənəcəyi bəlli deyil: “Əgər onlar icbari tibbi sığortaya cəlb olunsalar, bu, əhali üçün faydalı olsa da, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və klinikaların özləri üçün zərərli olacaq. Klinikalar xəstələri icbari tibbi sığorta ilə qəbul etməyə məcbur olacaq, sonra da müəyyən səbəblərə istinad edərək onları əliboş yola salacaqlar ki, bu da vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq. Tibb müəssisələri üçün sığorta ilə işləmək sərfəli olana qədər onlar bunu etməyəcəklər”.

İqtisadçı əlavə edib ki, İTS-in həyata keçirilməsində hökumətin məntiqi başadüşüləndir: “Qərbdə, xüsusən də Avropada vətəndaşlar özləri çalışırlar ki, tibbi sığortaları olsun, çünki bunun qarşılığını görürlər. Oyunun bütün iştirakçıları razı olduqda sistem normal işləməyə başlayacaq”.

Məsələ ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) AYNA-ya verilən məlumata görə, əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsi istiqamətində iş aparılır: “Xüsusilə, “Real TV” ilə əməkdaşlıq çərçivəsində hər həftə “Tibbi sığorta saatı” verilişi, həmçinin Agentliyin və “Real TV”-nin “Facebook” səhifələrində canlı yayımlar təşkil olunur. Agentlik KİV və ictimaiyyətin İTS ilə bağlı müraciətlərinə, o cümlədən sosial şəbəkələrdə operativ reaksiya verir. Paytaxtda və bölgələrdə “SIĞORTALI OL, SAĞLAM YAŞA!” şüarı yazılmış reklam lövhələri quraşdırılıb”.

“Vətəndaşın icbari tibbi sığorta ilə bağlı sualları və ya şikayətləri olarsa, o, məsul şəxslərə və ya dövlət tibb müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Cavab və ya görülən tədbirlər onu qane etmədikdə TƏBİB-in (012) 310 17 70 telefon nömrəsi ilə, [email protected] elektron poçt ünvanı və ya İsmayıl Hidayətzadə 11, Bakı, AZ1154 ünvanı ilə əlaqə saxlaya bilər. O, həmçinin 1542 nömrəsinə zəng edərək Agentliyə müraciət edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq, elektron ərizə təqdim edə bilər. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq, müraciətdə müraciət edənin adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi və ya iş yeri göstərilməlidir. Müraciət aydın şəkildə göstərilməlidir. Zəruri məlumatlar təqdim edilmədikdə, bu, qanuna əsasən, müraciət anonim sayılır və baxılmır”, - deyə qurumdan bildirilib.

Agentlik qeyd edib ki, “TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin tibb işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” qaydaya əsasən, tibb işçisinin əməkhaqqı müvafiq olaraq vəzifəsi, iş stajı və fəaliyyətinin qiymətləndirilməsi üzrə vəzifə maaşına (tarif), əmək şəraitinə görə əlavələr, həvəsləndirici əlavələr və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər daxildir: “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlər arasında yüksək məbləğdə həvəsləndirici əlavələr alanlar da var. Məsələn, ümumi cərrahın 21642 manat, oftalmoloqun 12329 manat, mama-ginekoloqun 9195 manat, rentgenoloqun 5312 manat alması faktları olub. Həmçinin, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə İTS Dövlət Agentliyi tərəfindən “2022-2023-cü illər üçün tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması proqramı” təsdiq edilib. Proqram Avropa İttifaqı ölkələrində, ABŞ və Türkiyədə təhsil almış mütəxəssis həkimlərin cəlb olunmasını nəzərdə tutur. Xatırladaq ki, icbari tibbi sığorta çərçivəsində yaranan hər hansı tibbi problemlə bağlı ilk növbədə yaşayış yeri üzrə ən yaxın dövlət tibb müəssisəsinin (poliklinika/ailə sağlamlığı mərkəzi/kənd tibb məntəqəsi) ailə həkiminə müraciət edilməlidir. Ailə həkimi müvafiq müalicə təyin edəcək və ya tibbi göstərişlərə əsasən xəstəni müayinəyə, lazım gəldikdə isə mütəxəssis həkimə göndərə bilər. İTS-dən istifadə üçün tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz”.

Müəllif: Elya Belskaya