Koronavirusa yoluxmanın 46, ölüm sayının isə 63 faizi Avropanın payına düşür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa qərargahı bu gün yeni mətbuat konfransı keçirib. AYNA xəbər verir ki, qərargahın videokonfransında ÜST-ün Avropa qərargahının direktoru Dr. Hans Henri Kluqe açıqlamalar verib.
Kluqe Avropada 44 ölkədən 21-ində məhdudiyyətlərin ləğv edildiyini, 11 ölkənin də yaxın gələcəkdə karantindən çıxmağı planlaşdırdığını bildirib.
Direktor ölkələri qadağaları aradan qaldırarkən diqqətli olmağa çağırıb: “Daha əvvəl dediyim kimi, bu virus bağışlamır. Ayıq, çevik, səbrli və bacardığımız qədər tədbirli olmalıyıq”.
“Hazırda Avropa pandemiyanın mərkəzidir. Bu gün dünyada koronavirusa yoluxmanın 46, ölüm sayının isə 63 faizi Avropanın payına düşür. Avropa daxilində bir yavaşlama ola bilər, ancaq bölgədə vəziyyət çox qarışıqdır. Hər bir ölkənin yeni normaya çatmaq üçün öz yolu var”, - deyə Dr. Kluge açıqlamasında vurğulayıb.