Dünya bazarlarında neftin qiyməti düşüb

İqtisadiyyat

13.06.2022 - 17:04

“Brent” markalı neftin 1 barelinin avqust fyuçerslərinin qiyməti 120,35 dollar təşkil edib

Dünya bazarlarında neft bazar ertəsi Çində bu enerji resursuna tələbatın azalacağı ilə bağlı narahatlıq fonunda 1%-dən çox ucuzlaşıb. AYNA xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin 1 barelinin avqust fyuçerslərinin qiyməti 1,36% ucuzlaşaraq 120,35 dollar, WTI markalı neftin 1 barelinin iyul fyuçerslərinin qiyməti isə 1,41% azalaraq 119,97 dollar təşkil edib.

Qeyd edək ki, Çində koronavirusa yeni yoluxma hallarının aşkar edilməsi fonunda neft ucuzlaşır. Buna səbəb investorların yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı narahatlığıdır. Belə ki, dünyada ən böyük neft idxalçısı olan Çində məhdudiyyətlər səbəbindən “qara qızıl”a olan tələbat xeyli azala bilər.

Bundan başqa, dolların möhkəmlənməsi də neftin qiymətinə mənfi təsir edən amillərdən biridir.

Müəllif: Ayna.az