Dövrünün nəhəng logistika layihəsində Ulu Öndərin izi

Cəmiyyət

07.07.2023 - 18:33

Həkimlər Klinikalar SEO Xidməti

Sibirin və Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi

Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı - Baykal-Amur Magistralı (BAM) dövrünün ən nəhəng logistika layihəsidir. Hansı ki, ümumi uzunluğu 4300 kilometr olan magistral bu gün də Rusiyanın nəqliyyat-infrastrukturunda böyük rol oynayır. Coğrafi baxımdan ölkəmizdən çox uzaqda yerləşən bu böyük dəmir yolu layihəsinin ərsəyə gəlməsində Azərbaycanın, daha doğrusu, Azərbaycanın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin nəhəng xidməti olub. Demək olar ki, BAM Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Tikintisinə 1940-cı ildən başlanan dəmir yolu magistralının təməli atılmadan inşa işləri yarımçıq qalıb. İkinci Dünya müharibəsinin başlaması, sonradan müharibənin fəsadları BAM-ın inşasına mane olub. 

Nəhayət, 1974-cü ildə magistralın tikintisi ilə bağlı SSRİ Nazirlər Soveti qərar qəbul edir. O zaman SSRİ-nin tərkibində olan Azərbaycan Respublikasından da minlərlə gənc BAM-ın tikintisinə cəlb edilir. İnşaatçı azərbaycanlılarla yanaşı, BAM-ın reallaşmasında xüsusi xidmətləri olan daha bir azərbaycanlı var idi - xalqımızın Ulu Öndəri Heydər Əliyev. Magistralın inşası başlayan zaman Ulu Öndər Azərbaycana rəhbərlik edirdi. Həmin vaxt müttəfiq respublikalardan birinin rəhbəri olaraq o, BAM-ın tikintisi və ölkəmizin ümumittifaq əhəmiyyətli layihədəki işlərlə yaxından məşğul olurdu. 

BAM-ın Qərb sahəsinin 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və ətrafında Ulkan qəsəbəsi salınmışdı. Bu qəsəbə də Ulu Öndər Heydər Əliyevin daimi diqqəti və qayğısı altında olub. İnşaatda məhz Ulu Öndərin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə, dəmir yolu vağzalının bəzədilməsində Azərbaycan orlamentlərindən geniş istifadə edilib. 

Ulu Öndərin böyüklüyü, uzaqgörənliyi, səriştəsi üzərinə götürdüyü bütün işlərdə parlaq şəkildə özünü göstərirdi. Bu böyük insan, dahi şəxsiyyət öz düşüncəsinə, fəaliyyət miqyasına görə, ümumdünya səviyyəsində dəyərləndirilir. Layihələrə baxış, problemlərə yanaşma tərzi ən mürəkkəb məsələləri fundamental həll etmək bacarığı əhatəsindəki insanları hər zaman heyrətləndirmişdi. 

SSRİ Nazirlər Soveti İşlər İdarəsi Nəqliyyat və Rabitə şöbəsinin sabiq rəisi Konstantin Kulaev Ulu Öndərin SSRİ-dəki fəaliyyəti və BAM-ın tikintisi haqqında danışarkən deyib: "Heydər Əliyevin SSRİ-dəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki Heydər Əliyevin nüfuzu, onun biliyi rəhbərliyin - hökumət sədrinin ona olan münasibəti hesabına bizdə yaranan bütün məsələlər çox tezliklə, uğurla və düzgün həllini tapırdı. Çünki onun rolu işlərin ərsəyə gəlməsində böyük idi. O zaman BAM-ın inşası zamanı hökumət komissiyası yaradıldı. Heydər Əliyev bu komissiyanın sədri idi. Mən də vəzifəmə uyğun olaraq, həmin komissiyanın üzvü idim. Amma bütün məsələlərə Heydər Əliyev rəhbərlik edirdi. Onun işgüzarlığı nəticəsində BAM layihəsinin inşası uğurla başa çatdı". 

Rusiya Dəmir Yolları ASC-nin sabiq prezidenti Vladimir Yakunin isə BAM-la bağlı Rusiya mediasına danışarkən Azərbaycanın böyük oğlu Heydər Əliyevi unutmayıb: "BAM ümumittifaq əhəmiyyətli layihə idi və Heydər Əliyev müvafiq komissiyanın sədri olarkən bu tikintinin başa gəlməsi üçün əvəzsiz töhfə verib. Bu gün təsəvvür etmək çətindir ki, o zaman BAM-ın inşaatçıkarı hansı şəraitdə işləyirdilər. İndi də bu asan deyil. Ona görə də Heydər Əliyevin o zamankı təşəbbüsü inanılmaz idi. Bu layihə alındı və BAM bu gün təkcə nəqliyyat infrastrukturunun mühüm elementi deyil, həm də Avrasiya qitəsində yeni inkişaf layihəsinin mühüm elementidir. Bu layihəyə töhfəsinə görə Rusiya xalqı hər zaman Heydər Əliyevin xatirəsini hörmətlə anır". 

"Heydər Əliyev elə böyük layihəyə rəhbərlik edib ki, həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, qitənin dəmir yolu nəqliyyatının strategiyası inkişaf edir. Heydər Əliyevin şəxsi iradəsi, bu layihəyə cəlb olunması və şəxsən iştirakı hər işdə rəhbərin rolunun əvəzsizliyini göstərir. Onun iradə və işgüzar xüsusiyyətləri olmasaydı bu gün BAM da olmazdı. Tikinti ilə bağlı o dövrdə vəziyyət də o qədər ürəkaçan olmayıb, layihə də tənqid edilib. Bunlara baxmayaraq, Heydər Əliyev şəxsiyyəti BAM-ın ərsəyə gəlməsinə nail olub", - deyə Yakunin əlavə edib. 

Bir müddət Ümumilli Liderlə çalışmış, onu yaxından tanıyan siyasətçi, 1980-1988-ci illərdə BAM-ın Baş Tikinti İdarəsinin rəisi olmuş Yefim Basin xatirələrini belə bölüşür: "Qərara alındı ki, bu ümumittifaq əhəmiyyətli tikintidə bütün SSRİ respublikaları, o cümlədən Azərbaycan SSRİ iştirak etsin. Müttəfiq respublikalar öz mühəndislərini, texniki işçilərini BAM-ın tikintisinə cəlb etdilər. İnşaatçılar ayrı-ayrı stansiyaların və stansiyalar ətrafındakı qəsəbələrin tikintisinə göndərilirdilər. Ulkan stansiyası Azərbaycandan gələn inşaatçılar tərəfindən tikildi. Stansiya ətrafındakı Ulkan qəsəbəsi də azərbaycanlıların ərsəyə gətirdiyi gözəl, şəhər tipli qəsəbədir. Azərbaycanda hazırlanan stansiya və qəsəbə layihəsi milli koloriti saxlamaqdadır. Ulkanda olanlar hiss edirlər ki, burada Azərbaycan izi var. Stansiya və qəsəbə istismara verilərkən yüksək qiymət almışdı. Təbii ki, bu layihənin uğurlu olması Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin yüksək idarəçilik qabiliyyətinin, işgüzarlığının nəticəsi idi". 

1978-1982-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin köməkçisi İqor Prostyakov isə hesab edir ki, Heydər Əliyev şəxsiyyəti ilə işlədiyinə görə bəxti gətirənlərdəndir: "Mənim həyatda bəxtim gətirib ki, Heydər Əliyevlə işləmişəm. Heydər Əliyevdən çox şey öyrənmişəm. O, əməksevər insan idi, işə dəqiqliklə yanaşırdı. Nazirlər Sovetinin ən nüfuzlu üzvlərindən biri kimi, Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet İttifaqının ən ağır istiqamətləri tapşırılmışdı. BAM-ın tikintisi də Heydər Əliyevin nəzarətinə verilmişdi. SSRİ-də iki respublika yaxşı idi, onlarda dotasiya yox idi ki, onlardan biri Azərbaycan, digəri Belarus idi. Bu respublikalar İttifaq büdcəsinə əlavə vəsait verirdilər. Bu, Heydər Əliyevin yüksək rəhbərlik, işgüzarlığının nəticəsi idi. BAM-ın tikintisi məsuliyyətini Heydər Əliyevə ona görə həvalə etdilər ki, inşa işi sürətlənsin, işlər uzanmasın".

Bu fikirlər Rusiya siyasətçilərinin BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin roluna verdikləri qiymət idi. Ulu Öndərin özü isə BAM-la bağlı belə demişdi: "1974-cü ildə BAM-ın tikintisi başlayanda 10 il möhlət vermişdilər. Mən 10 ildən sonra, 1984-cü ildə BAM-a gəldim və 10 gün qaldım. BAM-a Moskvadan Bratsk şəhərinə qədər, oradan isə dəmir yolu ilə Vladivostoka, Naxodkaya qədər qatarla getdim. Bütün stansiyalara da baxırdım. BAM-ın tikintisində mənim də az əməyim olmayıb".

Onu da qeyd edək ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında Ulu Öndər Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı oldu. "Zabaykalsk" magistralının 1181 kilometrliyində yerləşən bu qəsəbəni Azərbaycandan gələn gənclər inşa ediblər. 1984-cü ildə BAM üzrə ikitərəfli hərəkət stansiyasının açılışından əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev buranı ziyarət edib. Vağzala Heydər Əliyevin adının verilməsi Ulu Öndərə dərin ehtiramın təzahürüdür. 

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş