Məssisəyə qəbula ən azı iki iş günü qalmış bu barədə məlumat göndərilir
Nazirlər Kabineti dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydasını təsdiq edib. AYNA xəbər verir ki, müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Qaydaya əsasən, reabilitasiya müəssisələrinin strukturu və əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və müəssisədən çıxarılması qaydaları müəyyən edilir.
Bununla yanaşı, dövlət reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və peşə-əmək tədbirlər sistemi vasitəsilə reabilitasiyasının aparılması müəyyən olunub.
Əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramında təsdiq olunmuş reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə reabilitasiya müəssisələrinə qəbul edilirlər.
Məssisəyə qəbula ən azı iki iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) göndərilir.
Həmçinin, qaydada əlilliyin erkən diaqnostikası, sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında müvafiq ödənişli xidmətlər göstərilməsi əks olunub.