Əziz Əlibəyli: “Əgər belə bir qətnamə qəbul olunarsa, bu, Azərbaycana antiterror əməliyyatı keçirmək üçün leqal imkan yaradar”
Ermənistanın Qarabağda "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət ünvanlayıb. İrəvan TŞ-nın təcili iclasının keçirilməsini və Azərbaycan əleyhinə qətnamənin qəbulunu istəyir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı sərt bəyanat verib və BMT-ni əsassız iddialara baxmamağa səsləyib. Rəsmi Bakı hesab edir ki, bu cür addımlarla “İrəvan BMT-ni siyasi, hərbi alətə çevirməyə cəhd göstərir“.
Ekspertlərin proqnozlarına görə, Ermənistanın iddiası əsasında Azərbaycan əleyhinə qətnamənin qəbul ediləcəyi o qədər də real deyil. Amma əksini düşünənlər də mövcuddur.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran beynılxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, BMT TŞ-da ölkəmiz əleyhinə qətnamənin qəbul edilməsi ehtimalı çox aşağıdır:
- Siyasi maraqlar baxımından, bəzi “sürprizlər” ola bilər. Amma suverenlik hüququ BMT-nin əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipləri ilə üst-üstə düşür. Ona görə də ərazi bütövlüyü prinsipini hər ölkə təmin etməlidir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təməl hüququ BMT-nin prinsiplərində əks olunub. Bunun əleyhinə çıxmaq beynəlxalq oyunçulara heç nə qazandırmaz. Azərbaycan-Ermənistan sülh danışıqları iki platformada aparılır – ABŞ və Rusiya platformasında. Böyük ehtimalla Təhlükəsizlik Şurasının bu iki daimi üzvü Ermənistanın tələbinə müsbət cavab verməyəcək. Amma burada Böyük Britaniya və Çinin yanaşmasının Azərbaycandan yana olacağı gözlənilir. Ona görə də, Azərbaycan əleyhinə qətnamənin qəbulu real hesab olunmur.
- Rəsmi Bakı qətnamənin qəbul olunmaması üçün hansı addımlar atmalıdır?
- Azərbaycan dərhal böyük mexanizm kimi işə saldığı Qoşulmama Hərəkatını hərəkətə gətirməlidir. Burada bizim böyük uğurlarımız var. Azərbaycan diplomatiyası Qoşulmama Hərəkatındakı müttəfiqləri ilə danışıqlar həyata keçirməlidir. Eyni zamanda, Rusiya ilə də iş aparılmalıdır. Rusiya Qərbin, Fransanın Qafqaz uğrunda mübarizə apardığı indiki məqamda Ermənistanın istəyinə “yox” deyə bilər.
- Qətnamə qəbul olunarsa, bunun Azərbaycana təsirləri nələr ola bilər?
- Qətnamənin qəbul olunmasının təsiri onun işlək olub-olmaması ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin bəzən məcburiliyi var. Amma bu soyqırımı, müharibə cinayətləri kimi məsələlərdə keçərlidir. Azərbaycan isə bunların heç birini həyata keçirmir. Əgər belə bir qətnamə qəbul olunarsa, bu, Azərbaycana antiterror əməliyyatı keçirmək üçün leqal imkan yaradar.
- Təhlükəsizlik Şurasının qətnaməsinin qəbulu Azərbaycana antiterror əməliyyatı keçirməyə leqal şəraiti necə qazandıra bilər?
- Azərbaycan üçün beynəlxalq hüquqa hörmət Birinci Qarabağ müharibəsindən sonra BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə aparıcı mövqedə olub. Amma 30 il ərzində biz gördük ki, biz əməl etdiyimiz beynəlxalq hüququn yanaşmaları dünya üçün heç də əsas hesab edilmir. Bunun isbatını biz yaşamışıq. Dünya ictimaiyyəti üçün aydın izah etməliyik ki, baş verən proseslər təkcə beynəlxalq hüquq məsələsi deyil, yeni nizamın qurulması məsələsidir. Bu kontekstdə baxdıqda görürük ki, yeni beynəlxalq dünya düzəni kontekstində dəhlizlərin çəkilməsi, yeni yolların inşası gündəmə gəlib. Burada Rusiyanın, Britaniyanın, Çinin maraqları mövcuddur. Ona görə də Azərbaycan beynəlxalq birlikdən dəstək ala, onların da marağında olan məsələlərin həlli üçün hərəkətə keçsin. Bu isə Azərbaycanın antiterror əməliyyatı keçirməsi üçün unikal imkan deməkdir.