Deputatlar dərmanların bahalığından şikayətləndilər: “Apteklərdə nisyə dəftərləri yaranıb”

Cəmiyyət

04.07.2023 - 18:15

Milli Məclisin komitə iclasında həkimlər ittiham olundu: nazir müavini dərman qiymətlərindənd anışdı, bəzi həkimlərə irad bildirdi

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclasın gündəliyinə bir məsələ - "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəsi daxil edilib. Toplantıda deputatlarla yanaşı, səhiyyə nazirinin müavini Rasim İsmayılov da iştirak edib.

Müzakirə zamanı deputat Rəşad Mahmudov təkliflər verib. Millət vəkili bildirib ki, sözügedən layihə ilə bağlı bir neçə təkliflər var ki, bunların həllinə baxılmaması hesablanmayan problemləri ortaya çıxara bilər: “Məsələn, reseptlərin həm elektron, həm də kağız daşıyıcı formasında verilməsi daha uyğundur. Ölkədə xəstəxanalar, ucqar bölgədə yerləşən apteklərlə daha operativ əlaqə yaradılması üçün bu addım atılmalıdır. Hesab edirəm ki, bu səbəbdən qanuna bu səpkili dəyişiklik edilməlidir”.

Deputatdan irad: “Bizə zərər gətirə bilər”

“Eyni zamanda, dərman vasitələrinin içliklərinin yalnız Azərbaycan dilində verilməsi bizim üçün müsbətdən daha çox mənfiyə səbəb olar, zərər gətirər. Çünki bunun beynəlxalq aləm baxımında problemi var. Biz düşünə bilərik ki, Azərbaycan dilində içliklə dərmanın satışı müsbət haldır, lakin istehlakçı və istehsalçı arasında böyük problemə səbəb olacaq. Bununla yanaşı, məsələ iqtisadi sahədə də problemə səbəb ola bilər”, - deyə deputat irad bildirib.

Millət vəkili xatırladıb ki, şirkətlər hər ölkə üçün sifarişə uyğun şəkildə dərmanlar istehsal edir: “Bu zaman dərmanın qutu və digər xərcləri üzərinə qoyulur. Əgər dərman şirkətlərinə ölkədə olan distribütorlar Azərbaycan dilində içliklə bağlı müraciət etsələr, içliklər də bu cür hazırlanacaq. İqtisadi səbəbə görə, həm də qənaət baxımından Azərbaycan dilində olan içliklərin çıxarılması istehsalçı ilə istehlakçı arasında zəncirin qopmasına səbəb ola bilər".

Millət vəkili Milli Məclisə dərman gətirdi: “Sadə vətəndaş bu içliyi oxuyub nə başa düşsün?”

Deputat Etibar Əliyev müzakirə zamanı dərmanların qiymətindən danışıb. Millət vəkili bildirib ki, bu gün apteklərdə nisyə dəftərləri yaranıb: “Dərmanlar bahadır, insanlar imkan edib ala bilmirlər, məcburi nisyə alırlar. Belə hallarla qarşılaşmalı deyilik. Düşünürəm ki, biz bu dövrdə apteklərdə nisyə dəftərləri görməli deyilik”.

Dərmanların içlikləri məsələsinə toxunan millət vəkili bildirib ki, iclasa özü ilə dərman gətirib: “Gətirdiyim dərmanın içliyində yazılanı başa düşmürəm, bəlkə siz başa salasınız. Baxın, Litva istehsalı olan dərmandır, qiyməti də 35 manatdır. Bu dərman bağırsaq florasına faydalıdır. İçliyi oxuyuram, yazılıb ki, dərman vasitəsi deyil, qida əlavəsidir və xəstəliklərin müalicəsi üçün istifadə oluna bilməz. Anlamıram, bəs nə üçün istifadə olunmalıdır? Sadə vətəndaş bu içliyi oxuyub nə başa düşsün?”.

Nazir müavinindən maraqlı müqayisə: “Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?”

Dərmanların qiymətləri ilə bağlı deyilənlərə münasibət bildirən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, dərman vasitələrinin qiymətinin nizamlanması bütün dünyada eyni formada aparılır: “Qiymətlərin tənzimlənməsi sui-istifadə hallarının qarşısını almasına xidmət edir. Qiymət dərman vasitələrinin həmin ölkələrdə daxili istehsalın olub-olmamasına bağlıdır. Məsələn, ölkəmiz təbii qaz ixracı ilə məşğuldur. Fikir verin, bizim özümüzə həmin təbii qaz hansı qiymətə verilir və ixrac etdiyimiz ölkələrdə həmin qaz əhaliyə hansı qiymətə verilir? Biz həmişə dərman vasitələrinin qiymətinin baha olması ilə bağlı şikayət edirik və Türkiyə ilə qiymətlərin müqayisəsini aparırıq. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox? Ona görə də, bu kimi faktları nəzərə almalıyıq”.

“Hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiymətinin bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olmasıdır?”

Nazir müavini dərman vasitələrinin uzun müddət gömrükdə qalması məsələsinə aydınlıq gətirilib. R.İsmayılov bununla bağlı məsələnin aidiyyati orqanlar qarşısında qaldırıldığını söyləyib: “Müvafiq qurumla da danışıqlar aparacağıq. Aylarla dərmanların gömrükdə qalması həqiqətən də ciddi problemdir”.

“Səhiyyə Nazirliyinin qarşıya qoyduğu bir neçə məsələ var. Bizim hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiymətinin bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olmasıdır? Qeyd edim ki, qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlər başqa olur. O zaman dərman vasitələrinin qiymətinin aşağı salınması ilə bağlı necə fikir demək olar? Bu kimi məsələlərə aydınlıq gətirilməlidir”, - deyə nazir müavini qeyd edib.

Nazir müavini: “Bəzi həkimlər şəxsi maraqlara əsasən resept yazarkən müəyyən firmaların dərmanlarını qeyd edirlər”

R.ismayılov həkimləri də ittiham edərək söyləyib ki, bu gün bəzi həkimlər şəxsi maraqlara əsasən resept yazarkən müəyyən firmaların dərmanlarını qeyd edirlər: “Bu kimi hallarla tez-tez qarşılaşırıq. Dərmanların ticarət adlarının qeyd olunması ciddi problemlərə səbəb olur. Ona görə də elektron reseptlərin olması bu kimi halların qarşısını alacaq”.

Nazir müavini çıxışında deyib ki, ucqar kəndlərdə də elektron resept tətbiq olunacaq: “Elektron reseptin proqram təminatının 95 faizi hazırdır. İlk olaraq Bakı və bir neçə region sistemə qoşub. Bundan sonra ucqar kəndlərdə də bu tətbiqin istifadəsində israrlıyıq”.

Komitə sədri həkimləri ittiham etdi: “Bəzən xəstələrə lazım olmayan dərmanları yazırlar”

Milli Məclisin Səhiyyə komitəsin in sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanlarla bağlı problemlərin yaranması istehsalın olmaması ilə izah edib. Komitə sədri bildirib ki, xaricdən gətirilən dərmanların bəzən içlikləri o qədər də ürəkaçan deyil: “İndi ölkədə dərman vasitələrinin istehsalına başlanılır. Ələt Azad İqtisadi Zonasında 4 dərman fabrikinin icrasına icazə verilib, biri isə artıq fəaliyyətə başlayıb. Bu da kifayət qədər müsbət məqamdır”.

“Xəstə istədiyi dərmanı yox, həkimin təyin etdiyi molekul formulası göstərilən dərmanı qəbul etməlidir. Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməli deyil. Həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var. Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən lazım olmayan dərmanlar xəstələrə yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis buna nəzarət edəcək”, - Əmiraslanov əlavə edib.

Müzakirələrdən sonra qanuna dəyişiklik ikinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu