Bu gün Azərbaycanda Bilik Günüdür

Cəmiyyət

15.09.2019 - 07:30

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün Azərbaycanda Bilik Günüdür

 

Bu ilki Bilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayacaq. AYNA-nın məlumatına görə, yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 234 şagird təhsil alacaq.   

 

Ümumilikdə isə orta məktəblərdə 1 525 016 şagird oxuyacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.  

 

Hazırda Azərbaycanda 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

 

Bu il Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 43 məktəb yeni dərs ilində binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə 414 844 şagird təhsil alacaq. Onlardan 32 315-i IX sinifdə, 22 795-i X sinifdə, 18 896-sı XI sinifdə, 198-i isə XII sinifdə oxuyacaq. 

 

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.

 

2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.

 

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. 

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Müəllif: Ayna.az