Daxili İşlər Nazirliyi və Mətbuat Şurasının qarşısında aksiya

Hadisə

22.07.2019 - 17:05

Aksiyaçılar, mətbuat nümayəndələrinə qarşı təzyiqlərə etiraz ediblər

 

Bu gün bir qrup jurnalist paytaxtın iki hissəsində piket keçirməyə çalışıb. AYNA xəbər verir ki, öncə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısına toplaşan aksiyaçılar, mətbuat nümayəndələrinə qarşı təzyiqlərə etiraz ediblər. Lakin polis aksiyanın qarşısını alıb.

 

Bunun ardınca etirazçılar Azərbaycan Mətbuat Şurasının (MŞ) binası qarşısında aksiyanı davam etdiriblər. Jurnalistlər MŞ-ni və onun sədri Əflatun Amaşovu media nümayəndələrinin problemlərinə biganə qalmaqda, təzyiqlərlə üzləşən KİV nümayəndələrini heç bir halda müdafiə etməməkdə günahlandırıblar. Polis bu aksiyanı da dağıdıb.

 

Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:

 

"İyulun 22-də ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və  dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə, söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər. Bildiririk ki, medianın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

 

Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında DİN-in inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyəti dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər. Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

 

Onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib. Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb”.

Müəllif: Ayna.az