Daha bir imtahan təxirə salındı

Cəmiyyət

17.03.2020 - 13:21

Koronavirus təhlükəsi səbəbilə daha bir imtahan təxirə salınıb

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən, martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən 12 aprel inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır. 

 

Dövlət İmtahan Mərkəzindən AYNA-ya verilən məlumata görə, müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.

 

Aprelin 5-nə, 12-nə və 19-na aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.

 

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən, Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.

 

Vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

Müəllif: Ayna.az