Bu peşə təhsili müəssisəsi publik hüquqi şəxs oldu

Xəbərlər

26.01.2021 - 12:11

“Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 nömrəli Bakı Peşə Məktəbi və Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilərək, onların bazasında yaradılan “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AYNA-ya bildirilib ki, sözügedən mərkəz təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil verəcək, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcək. Qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq. Həmçinin mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq, nəzərdə tutulan qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlayacaq.

 

Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda 6 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.

Müəllif: Ayna.az