Bölgələrdən hökumətin qərarına reaksiya: Canımızı dişimizə sıxmalıyıq

Cəmiyyət

18.03.2020 - 20:48

Koronavirusdan qorunmaq istiqamətində qəbul edilən məhdudlaşdırıcı qərarı əksəriyyət anlayışla qarşılayır

 

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində tədbirlər davam etdirilir. Bu tədbirlər sırasında, Nazirlər Kabineti yanında Operativ Qərargah 19 mart saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasını martın 29-dək dayandırılması barədə qərar qəbul edib.

 

O cümlədən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

 

Bəs, bölgələrdə yaşayan sakinlərin qərara münasibəti necədir? Bu, onlar üçün hansısa çətinlik yarada bilərmi? AYNA əməkdaşı bir sıra bölgələrdə yaşayan sakinlərin fikirlərini öyrənib.

 

Ağdaş rayon sakini Röyal Əliyev hesab edir ki, hər şey kompleks şəklində olmalıdır: “Yəni, əvvəlcə rayonlardakı xəstəxanaların vəziyyətini düşünmək lazımdır. Bu yaxınlarda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişdim. Təsəvvür edin ki, xəstəxananın labaratoriya şöbəsinin qarşısında yüzlərlə insan dayanmışdı. Bu insanlar biri-birilərinə xəstəlik yoluxdura bilərlər. Bu baxımdan, paytaxta girişin qadağan olunması o zaman daha məqsədəuyğun olardı ki, bu işlər kompleks şəklində həll olunardı”.

 

Mingəçevir şəhər sakini Kəmalə İbrahimli də ehtiyat edir ki, Bakıya girişin qadağan olunması insanlar arasında daha çox panikaya səbəb ola bilər: “Axı biz ölkədən-ölkəyə yox, eyni ölkənin müxtəlif ərazilərinə səyahət edirik”.

Mərahim Nəsib