Təhlükəsizlik Şurasında sülh dialoqunun zəruriliyi vurğulanıb
BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Haiti Prezidenti Jovenel Moizin qətlini pisləyiblər.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə TŞ-nin bəyanatında deyilir.
“Təhlükəsizlik Şurasının üzvləri Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsini qəti şəkildə pisləyirlər”, - sənəddə qeyd olunur. Onlar Haitinin bütün siyasi qüvvələrini zorakılıq və ona çağırışlardan imtina etməyə çağırıblar.
BMT TŞ üzvləri bəyanatda bütün tərəfləri sakitliyi qorumağa, dözümlülük nümayiş etdirməyə və daha çox qeyri-sabitliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Təhlükəsizlik Şurasında sülh dialoqunun zəruriliyini vurğulayıblar, Haitidə vəziyyətin inkişafını izləyəcəyinə söz veriblər və bu ölkənin xalqı ilə həmrəy olduqlarını bildiriblər.
Daha əvvəl Haitinin hüquq-mühafizə orqanları ölkə Prezidenti Jovenel Moizin qətlə yetirilməsində əli olan dörd muzdlunu məhv edib, daha iki nəfər saxlanılıb.
Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz iyulun 6-dan 7-nə keçən gecə sui-qəsd nəticəsində qətlə yetirilib. Ölkədə 15 günlük milli matəm elan edilib.