BMT-nin Baş katibi Ermənistan və Azərbaycana çağırış edib

Siyasət

28.09.2020 - 03:48

“Baş katib Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə danışıqlar aparır”

 

BMT-nin Baş katibinin Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşlləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

 

Qeyd edib ki, Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır: “O, güc tətbiq edilməsini pisləyir, insan itkisi və mülki vətəndaşlar arasında ölüm hallarına təəssüflənir. Baş katib tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, gərginliyi azaltmağa və dərhal konstruktiv danışıqlara qayıtmağa çağırır”.

 

Rəsmi nümayəndə onu da söyləyib ki, Quterreş bölgədəki son eskalasiya ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla əlaqə saxlayır: “Baş katib Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə danışıqlar aparır. Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırır”.

Müəllif: Ayna.az