BMT-də baş tutmayan növbəti məkrli plan – Ssenaridə daha nələr var?

Siyasət

17.08.2023 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəz rəhbəri: “Arxayınlaşmaq olmaz, Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularının yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq”

Avqustun 16-da Nyu-Yorkda Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib. İclasda ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-da iclasında çıxış edib. Y.Əliyev Azərbaycanın haqlı mövqeyini müdafiə edib və Ermənistanın iddialarının əsassız olduğunu geniş şəkildə izah edib.

BMT TŞ-nın toplantısından sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) müzakirələrə dair bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistanın BMT TŞ-da növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu: “Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”.

“BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk. Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi”, - deyə bəyanatda vurğulanıb.

“Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır. Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik. Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir”, - deyə XİN TŞ-nın iclası ilə bağlı bəyanatını yekunlaşdırıb.

BMT-dəki iclasla bağlı fikirlərini AYNA ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müsahibəsində deyib ki, son günlərin prosesləri vahid ssenari əsasında baş verir. Onun sözlərinə görə, Laçın yolunun başlanğıcına yaxın ərazidə yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması da ssenarinin tərkib hissəsidir:

- Bundan əlavə, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri və nəhayət, BMT TŞ-da iclas, müzakirələr vahid planın, ssenarinin müxtəlif bəndləridir. Elə bil ki, xarici ölkələrdən birində yerləşən böyük beyin mərkəzlərindən birinə “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamaq sifarişi verilib. Bu riskli planı hazırlayanlar faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləyirlər. Anlaşılan odur ki, belə vəziyyətdə sülh mümkün deyil . Görünür ki, İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmayıb, reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünürlər. Əlbəttə, Ermənistanın bu addımları gözlənilən idi. Çünki, ermənilər tarixən bu yolla gediblər.

Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlləşdirməyə çalışırlar. BMT TŞ-da təşkil edilən müzakirələrin qayəsini bu təşkil edirdi.

- Amma iclasın nəticəsindən görünən odur ki, niyyətləri baş tutmadı...

- Bəli, BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. Əslində bu mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün TŞ-nın daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Məsələ burasındadır ki, BMT TŞ-nın daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də, daimi üzvlərdən birinin – Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır. 

BMT TŞ-da Azərbaycana qarşı qətnamə ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi. Çünki hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur.  ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə Laçın yolunun açılması vacibliyini bildirdilər. Eyni zamanda, alternativ yolların istifadəsini də mümkün saydılar.

- Yəqin ki, söhbət Ağdam-Xankəndi yolundan gedir...

- Əlbəttə, alternativ yol dedikdə, Ağdam-Xankəndi yolu nəzərdə tutulur, hansı ki, bunu Azərbaycan gündəmə gətirib, təklif edib. Ümumiyyətlə, iclasda “Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi bizim üçün faydalıdır. Rəsmi Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər. “Laçın yolu açılmalıdır” deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir. Ümumilikdə götürsək, Azərbaycan əleyhinə qərar verilmədi, İrəvanın məkrli planı baş tutmadı. Amma bu o demək deyil ki, arxayınlaşmalıyıq. Hesab edirəm ki, diplomatiyamız işləməlidir, bütün ssenarilərə qarşı hazırlıqlı olmalıdır.  

- Demək istəyirsiniz ki, BMT TŞ-da məsələyə yenidən qayıdıla bilər?

- BMT TŞ-nın eyni mövzuya qayıtması mümkündür. Çünki Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularının yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq. Arxayınlaşmaq olmaz dedikdə bunu nəzərdə tuturam. Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır. Məsələn, BMT TŞ-nın qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Mən yenə də o fikrimdə qalıram ki, Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə - çalışdıqları ölkənin siyasi və ictimai dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var.

- Bundan sonraya proqnozunuz nələrdir?

- Baxın, bu gün Ermənistanın hakimiyyət nümayəndələri BMT-də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbulunu məğlubiyyət kimi qiymətləndirmədilər. Bildirdilər ki, “biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq”. Bu fikri əsas tuturlar. Amma hesab edirəm ki, zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək: Qarabağ erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar. Bunun başqa yolu yoxdur. Çünki bu məsələdə güzəşt olmayacaq. Laçın yolu ilə bağlı da manevr imkanlarımız mövcuddur. Bu yoldan daşınmanın şərtlər daxilində mümkün olduğunu müəyyənləşdirməli və bəyan etməliyik ki, ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirək. Bütün hallarda isə BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır. Birincisi,iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq. İkincisi; Qarabağdakı qanunsuz silahlı separatçı dəstələri tərksilah etməliyik. Bunlar Azərbaycanın əsas hədəfidir və bu istiqamətdə işlərimizi gücləndirməliyik.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş