Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməldaşlıq Şurasına ev sahibliyi edir
“Biz birlikdə güclüyük!” çağırışı ilə quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.
AYNA xəbər verir ki, Nərman Qocatürkün İstanbulda türk dilində nəşr olunan “Biz türklərik! Çadırımız göy qübbəsi” kitabı türk xaqanlıq tarixinə həsr olunub. Kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” kimi dəyərli fikirləri ilə açılır.
Müəllif türkün qüdrətli xaqan-sərkərdələrinin, el bilicilərinin dünyasından soraq verir. Həmçinin mif ruhuna bürünmüş əski yaddaşımızdan çağdaş günümüzə boylanmaqla türk adından qürur duyan hər kəsi bu uca sevgiyə tapınmağa səsləyir.
Əsərdə böyük türkün yaddaş dastanına yenidən nəzər salınır. Kitab Azərbaycan-Anadolu çevrəsində təşəkkül tapan, dünyanın yarıdan çoxuna hakim kəsilən, yenilməz orduları ilə yanaşı, zəngin bazaları, ticarət mərkəzləri ilə də Böyük İpək Yoluna nəzarət edib günçıxandan günbatana sarı dünyanın siyasi mənzərəsini cızan türk milli dövlətlərinin, xaqan-sərkərdələrin, millət fədailərinin, el və dil bilicilərinin gücünü, qüdrətini özündə əks etdirir.
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” çağırışı, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sevgisi bir olan millətin əbədi birliyinin soraqçısıdır.
İstər Ulu Öndərin, istərsə də Prezident İlham Əliyevin reallaşdırdığı bütün layihələrdə Türkiyə Azərbaycanla birgə sevinib. Kitabda bu məqamlarla yanaşı, türk birliyinə xidmət edən bir çox tarixi anlar, görüşlər, toplantılara dair materiallar da verilib.
Nəşrdə, həmçinin uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin elmi-nəzəri şərhi yer alıb.
Kitab “Turanbank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində nəşr edilib. Layihənin icraçı direktoru Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, kitabın elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, redaktoru yazıçı-publisist İbrahim Nəbioğludur.