“Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır” – <font color=red> PREZİDENT</font>

Siyasət

12.10.2020 - 14:45

İlham Əliyev: “Müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”

 

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

 

Ölkə başçısı müsahibəsində ermənilərin Gəncəyə atdığı raket zərbəsindən də danışıb. Prezident bildirib ki, Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir: “Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

 

“Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, - deyə Azərbaycanın Ali Baş Komandanı qeyd edib.

Müəllif: Ayna.az