Bir addım irəli, iki addım geri: üç versiya və oxlar yenə Moskvanı göstərir

Aktual

13.05.2023 - 10:23

Şahin Cəfərli: “Sərhəddəki hadisənin səbəblərindən biri məhz Putindən Paşinyana hansısa dəstəyin verilməsi ola bilər”

Ermənistan ordusu son üç gündə şərti sərhəddə təxribatlara başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb, amma ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub.

“Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub. Ordumuzun şəxsi heyəti və texnikasında itki yoxdur. Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti  nəzarət altındadır”, - deyə məlumatda vurğulanıb.

Mayın 11-i gündüz saatlarında isə Ermənistan silahlı qüvvələri şərti sərhəddə Laçın və Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub. Məlumata görə, düşmən artilleriyadan və İran dronlarından istifadə edib. Nəticədə Azərbaycan ordusunun bir hərbi qulluqçusu şəhid olub. Düşmən tərəf yaralılarının olduğunu açıqlayıb. Təsdiqlənməmiş məlumata görə, Ermənistan ordusu üç hərbçisini itirib.

Diplomatik təmasların intensivləşdiyi, sülh sazişi istiqamətində danışıqların getdiyi bir zamanda Ermənistanın növbəti dəfə təxribat törətməsi sualları artırır. Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyir ki, təxribat gözlənilməz deyildi:

- Hər dəfə Bakı ilə İrəvan arasında sülh prosesində irəliləyiş əldə olunarkən bu cür təxribatlar baş verir. XİN başçılarının sonuncu Vaşinqton görüşündə ciddi razılıq əldə olunmasa da, hər iki tərəfin açıqlamasında qeyd edilir ki, bəzi məsələlərdə tərəqqi əldə edilib, digər məsələlərlə bağlı danışıqlar davam etdiriləcək. Hətta Azərbaycan XİN başçısı Ceyhun Bayramov görüşlə bağlı bildirdi ki, bir addım irəli gedilib. Mayın 14-də isə Brüsseldə liderlər səviyyəsində görüşün olacağı təsdiqlənib. Belə bir vaxtda sərhəddə toqquşmanın baş verməsi təəccüblü deyil.

- Yəni gözlənilən gərginlik baş verdi...

-Təbii ki, gözlənilirdi. Paşinyanın Moskva səfərindən öncə bildirmişdik ki, ola bilsin ki, Putin tərəfindən ona hansısa vədlər verilsin. Məsələ burasındadır ki, Rusiya sülh prosesini pozmaq üçün hər addıma əl ata bilir. Biz bunu praktikada görmüşük. Sərhəddəki hadisənin səbəblərindən biri məhz Putindən Paşinyana hansısa dəstəyin verilməsi ola bilər. Çünki Nikolun Moskvadan qayıdışından sonra təxribat baş verdi. Versiyalardan biri kimi bu hadisəni İrəvanın sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirmək olar. Ermənistan tərəfi hazırki şərtləri qəbul etmədiyi üçün belə bir addıma əl ata bilər. Ən azından, İrəvanın prosesi ləngitməkdə maraqlı olması istisna deyil. Ermənistanla Rusiyanın bu baxımdan maraqlarının üst-üstə düşməsi mümkündür.

- Başqa versiya varmı?

- Təbii ki, başqa ehtimal da ola bilər. Sirr deyil ki, Ermənistan dövlət strukturlarında və xüsusilə, erməni ordusunda Rusiyaya bağlı yüksək rütbəli şəxslər var. Bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama vermişdi ki, Ermənistan ordusunda agentlər var. Əlbəttə, agentlər dedikdə Paşinyan konkret ad çəkməsə də, onların Rusiyaya xidmət etdiklərinə işarə etdi. Təxribatın həmin agentlərdən qaynaqlanmasını ikinci versiya kimi qiymətləndirmək olar. Mümkündür ki, Ermənsiatn ordusundakı Rusiyaya bağlı zabitlər Moskvanın sifarişi ilə sülh prosesini pozmaq üçün sərhəddə təxribatlar törətsinlər.

- Azərbaycan təzyiqi artıra bilərmi?

- Azərbaycan Ermənistanı sülhə məcburetməyə əl ata bilər. Hər kəsə məlumdur ki, İkinci Qarabağ müharibəsinin qalibi kimi Azərbaycan şərtləri diktə etmək istəyir. Çünki Azərbaycan dominant tərəfdir, Ermənistan sülhü ləngitmək niyyətində olarkən Bakı təzyiqləri artırır. Düzdür, Ermənistan sülhdən yayınmadığını elan edir. Lakin bəzi şərtləri də qəbul etmir. Bakı isə o mövqedədir ki, qalib tərəf kimi şərtləri biz diktə etməliyik və imzalanacaq sənəddə Qarabağla bağlı heç nə olmamalıdır. Əslində haqlı tələbdir. Çünki Qarabağ tamamilə Azərbaycanın daxili məsələsidir, bununla bağlı Ermənistan Azərbaycana şərt qoya bilməz. Kapitulyasiya olmasa da, mahiyyət etibarilə Azərbaycan Ermənistana kapitulyasiya xarakterli sənəd imzalatmaq istəyir. Ermənistan isə mümkün qədər buna mane yaratmaq istəyir, bu şərtlərlə sülh sazişini imzalamaqdan yayınmaq niyyətindədir. Bu, əlbəttə, versiyadır. Ola bilsin ki, bu şərtlərdə sənədi imzalamamaq üçün İrəvan Moskvadan mesaj alıb. Mümkündür ki, Kremldən Paşinyana bu sənədlə razılaşmaması istənilib.

Aydın olan həqiqət ondan ibarətdir ki, Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir. Rusiya onu istəyir ki, yalnız onun liderliyi altında proseslər cərəyan etsin. Kremlin niyyəti 10 noyabr Üçtərəfli Birgə Bəyanata və Soçidə, Moskvada əldə olunan razılaşmalara əsasən proses inkişaf etsin, iqtisadi əlaqələr bərpa olunsun, kommunikasiyalar açılsın, Qarabağın taleyi qeyri-müəyyən müddətə təxirə düşsün. Qərbin burada hansısa vasitəçiliyini Moskva qəbul etmir. Qərbin vasitəçiliyi ilə aparılan danışıqların pozulmasının Rusiyanın marağında olması ortadadır. Bütün hallarda isə təxribatın hansı səbəbdən baş verməsi liderlərin Brüssel görüşündə aydınlığa qovuşacaq. Əgər Brüsseldə hansısa razılıq əldə edilməsə, burada Rusiya “barmağının” olmasına şübhə yeri qalmayacaq.

Müəllif: Anar Bayramoğlu