Bəzi məktəblər üçün xüsusi avtobuslar ayrılacaq

Cəmiyyət

27.01.2020 - 11:54

Nazir: “Bu ilin sentyabrında Binə qəsəbəsi və Xırdalanda şəhərində yeni məktəb binaları istifadəyə veriləcək”

 

“Bu il əhali artımı ilə əlaqədar daxili miqrasiya nəticəsində yaşayış məntəqələrimizdəki məktəblərdə şagird sıxlığı var. Ölkədə olan 4500-ə yaxın orta təhsil məktəbindən 50%-də 200-500 nəfər şagird var. Amma daha çox sıx yaşayış yerlərində yeni məktəb binalarına ehtiyac yaranıb. Ölkə rəhbərinin də tapşırığı ilə bu məsələ bir sıra dövlət qurumları ilə birgə həll edilməlidir”.

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 2019-cu ilin yekunları və 2020-ci ildəki planlara həsr olunan tədbirdə çıxış edən nazirin sözlərinə görə, ötən il bu istiqamətdə koordinasiya işi aparılıb: “İndi də bu iş davam edir. Bakı şəhəri Xəzər rayonu, Binəqədi rayonu Sulutəpə qəsəbəsi və Abşeron rayonun Saray qəsəbəsində bu istiqamətdə iş aparılır”.

 

“2020-ci il üçün yeni məktəb binalarının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu ilin sentyabrında Binə qəsəbəsi və Xırdalanda şəhərində yeni məktəb binaları istifadəyə veriləcək. 2019-cu ildən Bakı Nəqliyyat Agentliyi ilə işçi birgə qrupumuz fəaliyyət göstərib. Birgə səy nəticəsində Bakı şəhərində şagird sayı sıx olan məktəblər üçün xüsusi avtobusların ayrılması planlaşdırılır”, - Bayramov bildirib.

Müəllif: Ayna.az