Bərdədə alkoqolsuz içki müəssisəsində nöqsanlar aşkarlanıb

Xəbərlər

29.06.2021 - 17:44

Məhsulun saxlama müddəti 30 gün olduğu halda, artırılaraq 90 gün qeyd edildiyi məlum olub

 

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AYNA-ya verilən məlumata görə, Bərdə rayonunun Muğanlı kəndində fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

 

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, xammal və hazır məhsulların saxlama rejimlərinə riayət olunmadan saxlanıldığı, həmçinin işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti 30 gün olduğu halda, heç bir əsas olmadan 60 gün artırılaraq 90 gün qeyd edildiyi məlum olub.

 

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az