Belarusun Slovakiyadakı səfiri istefa verib: <font color=red> “Məntiqli addımdır”</font>

Dünya

18.08.2020 - 11:35

İqor Leşenya: “Mən onun indiki siyasətini dəstəkləmirəm”

 

Belarusun Slovakiyadakı səfiri, Prezident Aleksandr Lukaşenkonun keçmiş köməkçisi İqor Leşenya etirazçılara dəstək olaraq istefa ərizəsi yazıb. AYNA xarici mətbuata istinadən bildirir ki, səfir artıq ərizəsini Belarus Xarici İşlər Nazirliyinə təqdim edib.

 

“Mən istefa ərizəmi verdim. Bu, məntiqli addımdır. Çünki səfir olaraq hazırkı Prezident tərəfindən təyin olunmuşam. Onun müəyyən etdiyi siyasəti davam etdirməliyəm. Mən isə onun indiki siyasətini dəstəkləmirəm. Ona görə də, Xarici İşlər Nazirliyinə istefa ərizəmi təqdim etdim”, - deyə Leşenya bildirib.

 

Səfir əlavə edib ki, istefa qərarı onu təyin edən şəxs, yəni dövlət başçısı tərəfindən qəbul edilir: “Prezident Lukaşenko müvafiq fərmanı imzalamayanadək diplomatam”.

 

Qeyd edək ki, avqustun 16-da Leşenya prezident seçkilərindən sonra etiraz edən vətəndaşlara dəstək çıxış edib: “Bir belaruslu kimi, həmyerlilərimin işgəncə və döyülməsi məni sarsıdır. Etiraz edənlərin səslərini eşidirəm, onlarla həmrəyəm”.

 

Qeyd edək ki, 9 gündür Belarusda prezident seçkilərinin nəticələrinə etiraz aksiyası keçirilir. Belarus xalqı hazırkı Prezident Aleksandr Lukaşenkonun istefasını və yeni seçki təyinatını tələb edirlər.

Müəllif: Ayna.az