Diplomatik nümayəndəlik ABŞ-ın tələbi ilə işini dayandıracağını açıqlamışdı
Belarusun Nyu Yorkdakı Baş Konsulluğu Baş Nazir Roman Qolovçenkonun imzaladığı qərara əsasən, fəaliyyətini dayandırıb. AYNA xəbər verir ki, müvafiq sənəd Milli Hüquq internet portalında dərc edilib.
“Belarus Respublikasının Nyu Yorkdakı (Amerika Birləşmiş Ştatları) Baş Konsulluğu 2021-ci il oktyabrın 20-dən bağlanır”, - sənəddə qeyd edilib.
Baş Konsulluq ABŞ-ın tələbi ilə oktyabrın 21-də işini dayandıracağını açıqlamışdı. Kanada da daxil olmaqla, Baş Konsulluğun konsulluq dairəsi ərazisində yaşayan Belarus vətəndaşları diplomatik korpus bağlandıqdan sonra Belarusun ABŞ-dakı səfirliyi ilə əlaqə saxlaya biləcəklər. Belarus Xarici İşlər Nazirliyi Vaşinqtonun Nyu Yorkdakı Baş Konsulluğunu bağlamaq tələbindən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Vaşinqtonun Minskə qarşı sanksiyalarının bərpası fonunda Belarus Xarici İşlər Nazirliyi ABŞ-a sentyabrın 1-dək Minskdəki səfirlik işçilərinin sayını 5 nəfərə endirməyi təklif edib. Eyni zamanda, Belarus tərəfi Culie Fişer-in ABŞ ın Belarusdakı səfiri təyin edilməsinə əvvəlcədən verilən razılığı geri götürüb.