“Tut.by”nın ofisində, baş redaktorunun və bir neçə əməkdaşının evində axtarış aparılıb
Belarusun Dövlət Nəzarəti Komitəsinin əməkdaşları məşhur “Tut.by” İnformasiya Agentliyinin ofisində, həmçinin qurumun bir neçə jurnalistinin və baş redaktoru Marina Zolotovanın evində araşdırma aparıblar. AYNA xəbər verir ki, bu barədə məlumat “Tut.by”nın “Telegram” kanalında verilib.
Qeyd edilib ki, təhlükəsizlik qüvvələrinin araşdırmasından sonra agentliyin ofisinin qapıları möhürlənib. Eyni hal media qurumunun regional ofislərində də müşahidə olunub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmasının səbəbləri hələlik məlum deyil. Komitənin Mətbuat Xidməti məsələylə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Tut.by” Belarusun ən böyük media orqanlarından biridir. 2000-ci ildə fəaliyyətə başlayan agentliyin 2019-cu ilə qədər əhatə dairəsi bütün Belarusun internet istifadəçilərinin yüzdə 60-dan çoxunu təşkil edib. 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra media quruluşuna təhlükəsizlik işçilərinin diqqəti artıb. Media orqanının jurnalistləri seçkilərdə səsvermə zamanı saxtakarlıqlar üzündən ölkəni bürüyən kütləvi etiraz aksiyalarını fəal şəkildə işıqlandırıblar.
Ötən ilin noyabrında Dövlət Nəzarəti Komitəsi agentliyin əməkdaşlarından olan Yekaterina Boriseviçi həbs etdi. Borisoviç evinin həyətində öldürülən etirazçı Roman Bondarenkonun qanında səlahiyyətlilərin iddia etdiyi kimi alkoqol izləri olmadığına dair məlumat yazmışdı. Bundan sonra jurnalist həbs edilmişdi.
Xatırladaq ki, informasiya agnetliyi bu ilin yanvar ayında Mətbuat Nazirliyinin iddiası ilə qeydiyyatdan məhrum edilib.