Bakının bəzi sakinləri karantin rejiminin sonunu qorxu hissi ilə gözləyirlər

Cəmiyyət

05.04.2020 - 11:00

Bunu onlara BŞİH nümayəndələri də xatırlatmağı unutmurlar

 

Bu gün dünya və Azərbaycanda koronavirusun yayılmasına qarşı müxtəlif tədbirlər görülür. Hökumətlər və insanlar – hər kəs üzərinə düşəni yerinə yetirməyə çalışır ki, təhlükə aradan qalxsın.

 

Lakin Bakıda bir neçə ailə var ki, onların dərdi bambaşqadır. "Rədd olsun koronovirus!" marafonunun finalı onlar üçün çox böyük bir bəlanın başlanğıcı ola bilər. Halbuki, onlar bunda günahkar deyillər.

 

Söhbət paytaxtın Saraykina küçəsi 57 və Park döngəsi, ev 6 ünvanında yerləşən evlərin sakinlərindən gedir. Hər şey ərazidəki evlərin qəzalı elan edilməsi və sökülməsi ilə bağlı 11 dekabr 2019-cu ildə Nazirlər Kabinetinin verdiyi qərarla başladı. 12 dekabr 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov sakinləri evlərindən köçürmək qərarına gəldi.

 

Köçürmənin təşkili üçün BŞİH-in Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov sakinlərə evlərinin yararsız olduğunu sübut etməyə çalışdı. O, sözlərini müxtəlif sənədlərlə əsaslandırmağa cəhd etdi. Bildirdi ki, Nazirlər Kabinetinin qərarı Fövqəladə Hallar Nazirliyi tərəfindən Park döngəsi 6 ünvanındakı evin 1930-cu ildə tikildiyi və istismar müddətini tamamilə bitirdiyini bildirən akt əsasında qəbul edilib.

 

Bəlkə, bu, nəinki Zülfəli İsmayılov üçün, bütövlükdə BŞİH üçün sürpriz olacaq, amma xatırladırıq ki, 21 yanvar 1993-cü ildə ölkə parlamenti mənzillərin vətəndaşların şəxsi mülkiyyətinə verilməsi haqqında qanun qəbul edib. Bu qanuna uyğun olaraq, evin istifadəyə verildiyi tarix üzrə mənzil sahiblərinə texniki pasportlar verilib. Belə ki, Park döngəsi, 6 ünvanındakı evin sakinlərinə verilən texniki pasportlarda binanın 1960-cı ildə tikildiyi göstərilir.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Z.İsmayılov vəziyyətdən belə çıxmağa çalışdı ki, 1930-cu ildə binanın iki mərtəbəsi tikilib, 1960-cı ildə isə daha iki mərtəbə əlavə edilib: "Demək, burada heç bir ziddiyyət yoxdur".

 

Ancaq onun sözləri sakinlər tərəfindən sənədlərlə təkzib edilir. Məsələn, sakinlərdən Eldar Əliverdiyev deyir ki, əvvəldən inşa edilmiş heç bir ikimərtəbəli bina olmayıb. “Bu binaya 1962-ci ildə köçmüşəm”, - deyən sakin, evin 1960-cı ildə istifadəyə verildiyini sübut edən sənəd də göstərir.

 

İndi qayıdaq məqalənin əvvəlinə. Aydın olur ki, Saraykina küçəsi 57 və Park döngəsi 6-da yerləşən evlərin sakinlərinə koronavirus pandemiyasının başa çatması heç də sərf etmir. Çünki sonda onları evlərindən məcburi çıxarılmaq gözləyir. Bunu BŞİH nümayəndələri də sakinlərə xatırlatmağı unutmur, "karantin bitdikdən sonra sizi onsuz da köçürəcəyik", - deyə xəbərdarlıq edirlər.

Müəllif: Rəşad Rüstəmov