Bakıda yaşayış evlərini su basdı

Hadisə

17.11.2020 - 11:33

Köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb

 

Bakıda yaşadığı evdə köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə nazirliyə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

 

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

 

Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb. Hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Müəllif: Ayna.az