Bakıda fransız nazir Laçın yolunda post qurulmasını pislədi - XİN-də BRİFİNQ

Siyasət

27.04.2023 - 17:12

Ketrin Kalonna Bakıda Ceyhun Bayramovla görüşdü: XİN başçıları mətbuata brifinq verdilər

Azərbaycanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında bu gün təkbətək və geniş tərkibdə görüş keçirilib. Görüşdən sonra nazirlər media nümayəndələri üçün brifinq veriblər. C.Bayramov çıxışı zamanı bildirib ki, fransız həmkarı xanım Kolonna ilə görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 

"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb"

“Xanım nazirlə bir sıra mühüm regional məsələlər barədə ətraflı fikir mübadiləsi apardıq. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Fransa diplomatik münasibətləri uzun illər boyu dinamik formada inkişaf edən və çoxşaxəli sahələri əhatə edən uğurlu bir əməkdaşlıqdır. Biz bu müddət ərzində bir sıra strateji sahələrdə böyük birgə layihələr həyata keçirmişik. Bunlar içərisində enerji, neft-qaz layihələri, həmçinin ölkəmizi dünya bazarları ilə birləşdirən infrastruktur layihələri, hava daşımaları, kosmik sahələrdə əməkdaşlığımız olub. Ümumilikdə sosial, iqtisadi, humanitar, texnologiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı əməkdaşlığımız mövcud olub”, deyə Azərbaycan XİN başçısı söyləyib. 

C.Bayramov vurğulayıb ki, Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb: "Azərbaycan hər zaman münasibətlərin müsbət müstəvidə inkişafının tərəfdarı olub, buna səylər göstərib. Münasibətlərdə fikir ayrılıqları olan zamanda belə Azərbaycan təmaslardan çəkinməyib, təmaslar intensiv formada davam edib. Biz bu cür təmaslara hər zaman açığıq. Bu müstəvidə xanım Ketrin Kalonnanın ölkəmizə səfərini müsbət qiymətləndiririk. Onu da bildirməliyəm ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, yəni Azərbaycan öz Konstitusiyasına, BMT-nin Nizamnaməsinə və legitim hüquqlarına əsasən, öz torpaqlarını işğaldan azad etdikdən sonra, Ermənistan-Azərbaycan arasında postmünaqişə dövründə yumşaq formada desək, ölkələrimiz arasında fikir ayrılıqları mövcud olub. Son iki il yarımlıq müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, yeni siyasi təmaslar yeni layihələrin inkişafına deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqların nümayişi fonunda keçib".

"Laçın yolu humanitar məqsədlər üçün - üç istiqamətdə açıqdır, bundan sonra da açıq olacaq"

“Xanım nazirə son iki il yarımlıq dövrdə Laçın yolu ətrafında gedən proseslər, Ermənistan tərəfindən sui-istifadə halları, silah-sursat daşınması, erməni hərbçilərin qanunsuz olaraq orada qalması, sərvətlərin talan edilməsi, ərazidən çıxarılması və digər bu kimi hallar barədə məlumat verdim. Ən acınacaqlı hal kimi Laçın yolu vasitəsilə minaların ölkəmiz ərazisində basdırılmasını diqqətinə çatdırdım. Hansı ki bu mövzuda qanlı statistika, demək olar ki, hər həftə dəyişir. Son rəqəmlər odur ki, 294 Azərbaycan vətəndaşı Üçtərəfli Birgə Bəyanat imzalanandan sonta minaların qurbanı olub”, deyə C.Bayramov əlavə edib. 

Nazir onu da bildirib ki, Azərbaycan öz suveren ərazisində sərhəd-keçid məntəqəsi təsis edib: "Laçın yolu humanitar məqsədlər üçün - üç istiqamətdə açıqdır, bundan sonra da açıq olacaq". 

"Münaqişə dinc yolla həll olunmalıdır və bu davamlı sabit sülhə aparan yeganə yoldur"

Daha sonra fransız nazir azərbaycanlı həmkarı ilə görüşü barədə danışıb. Xanım Kolonna ilk dəfədir Bakıya səfər etdiyini, bu səfərin regional xarakter daşıdığını bildirib: “Mən bu regionu yaxşı tanımaq məqsədilə gəlmişəm. Bundan əvvəl mənim Azərbaycan Prezidenti ilə konstruktiv görüşüm oldu, müzakirələr apardıq. Ölkələrimiz tarixi əlaqələrə malikdir. Hesab edirəm ki, bizim dialoqa ehtiyacımız var. Mən dialoqumuzu davam etdirmək üçün Sizi (Cehyun Bayramov - A.B) Parisdə gözləyirəm. Azərbaycan Sovet İttifaqının süqutundan sonra ağır dönəm keçirib, müharibədə çoxsaylı qurbanlar verib. Nə qədər insan öz yurdlarından qaçqın və məcburi köçkün olub. Bildirmək istəyirəm ki, biz sizin əzablarınıza laqeyd deyilik. Bu gün Fransa ərazilərin minalardan təmizlənməsinə dəstək verir. Başa düşürəm ki, bu məsələnin həlli insanların həyatını xilas etmək deməkdir. Azərbaycana minalardan təmizləmə ilə bağlı yardım etmişik. İtkin düşənlərlə bağlı demək istəyirəm ki, onların ailələri əzab çəkib. Minaların qurbanları olub. Bunların hamısına laqeyd olmadığımızı bilmənizi istəyirəm”.

"Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib. Bildirmək istəyirəm ki, Fransa bu təşəbbüsü alqışlayır. Biz beynəlxalq ictimaiyyətə çağırış etmişik ki, toqquşmalar olmasın. Münaqişə dinc yolla həll olunmalıdır və bu davamlı sabit sülhə aparan yeganə yoldur. Hesab edirik ki, hər iki xalqın bu gün sülh üçün şansı var. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdi və Fransa bunu alqışladı. Amma onu da deməliyəm ki, bu, çətin yoldur. Sülhə gedən yol səbr, təmkin, birgə iş və planlar tələb edir", - deyə Kalonna vurğulayıb. 

"Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır"

Fransız nazir liderlərin Praqa görüşünü xatırladıb: "Praqa görüşündə razılaşma oldu, təmaslar oldu və bu, vacib idi. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Hər şeyin əsasında bu dayanır. Biz irəli getməliyik, geri qayıtmamalıyıq. Bu çətin yolla irəliləmək lazımdır ki, sülh əldə olunsun, saziş imzalansın. Fransa sülhü təşviq edəcək. Sülhə doğru irəliləmə o deməkdir ki, gücdən istifadə olunmasın. Biz istəyirik ki, danışıqlar mahiyyətcə məhsuldar olsun". 

"Biz Laçın yolunda Azərbaycan tərəfdən birtərəfli qaydada qurulan keçid məntəqəsini pisləyirik. Bunu əvvəl də bəyan etmişik. Hesab edirik ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə yetirilməlidir. Bütün bu addımlar etimad mühitini formalaşdıracaq ki, nəticədə sülh əldə olunsun", - Fransanın Avropa və XİN başçısı söyləyib. 

"Təəssüf ki, bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib"

Bundan sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Sülh danışıqları barədə sualı cavablandıran Azərbaycan XİN başçısı Azərbaycanın hər zaman sülh təşəbbüsündə olduğunu, İrəvana beş maddəlik sənəd təklif etdiyini xatırladıb: "Xanım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Digər tərəfdən isə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad da eşitdik. Birincisi, Azərbaycanın birtərəfli addımı öz konstitusiyasına uyğun olaraq öz ərazisində atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini Azərbaycan bəyan edib. Təəssüf ki, bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə, bayaq dediyim kimi, 3 istiqamət üzrə Laçın yolu açıqdır, hər zaman açıq olacaq. Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan tərəfdir. Vətən müharibəsinə qədər danışıqlar prosesinin vasitəçilərinin çağırışlarla Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın müəyyən gözləntisi var idi. Uzunmüddətli gözləntilər sonradan məyusluğa çevrildi. Bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı həmişə o idi ki, siz bizi başa düşməlisiniz, bizim vasitəçi rolumuz və funksiyamız var, biz bir çərçivə yaratmalı və Ermənistanı Azərbaycanla danışıqlara və birbaşa təmaslara təşviq etməliyik, bunun nəticəsində də sülhə nail olmalıyıq. Yəni ki, təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında, bir növ, bərabərlik işarəsi qoyulurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələsə təmkinlə yanaşırdı. Amma bu gün biz bir sıra hallarda fərqli davranışları görürük”.

"Azərbaycanın xəbərdarlıqlarına baxmadan Ermənistan tərəfi imza atılan sənədlərə riayət etmədi. Azərbaycan tərəfinin çoxsaylı təklifləri cənab Prezident tərəfindən edilməkdədir. Hansı ki, bunlardan biri də Laçın yolu üzərində şəffaf rejimin təmin edilməsidir. Amma Ermənistan tərəfi paralel nəzarət təklifindən imtina edib. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf nəzarətin təmin edilməsi məqsədilə 23 apreldə Azərbaycan tərəfi nəzarət buraxılış funksiyasını yerinə yetirmək üçün müvafiq addımlar atıb. Üçtərəfli Birgə Bəyanata əsasən, Laçın yolu 3 istiqamət üzrə istifadə edilə bilər: vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün. Bunun üçün yol açıqdır”, - Bayramov əlavə edib.

"Ermənistan yenidən prosesə döndüyünü bəyan edib"

Azərbaycan XİN başçısı olu da bildirib ki, Azərbaycan sülh prosesinə və sazişinə inanır: "Azərbaycan sülh sazişinə inanmasaydı, sülh təşəbbüskarı olmazdı. Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk". 

"ABŞ-ın müsbət addımları və rolu nəticəsində Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək. Azərbaycan sülh prosesinin irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, - XİN başçısı bildirib.

"Biz istəmirik ki, tərəflər, xalqlar əzab çəksin"

Xanım nazir isə qeyd edib ki, regionda jestlər göstərmək lazımdır: "Bu jestlər sülh prosesini qidalandıracaq. Mən yenə də bildirmək istəyirəm ki, Laçın yolu ilə bağlı Fransanın mövqeyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsaslanır. İnanıram ki, Azərbaycan da Fransa kimi beynəlxalq hüquqa hörmət edir. Təmaslarımızda da bildirmişik ki, sülh danışıqlarını ilhamlandırmaq, təşviq etmək istəyirik. Biz istəmirik ki, tərəflər, xalqlar əzab çəksin. Sülh prosesi qətiyyətə, iradəyə əsaslanmalıdır. İtkin düşən şəxslər, qaçqınların geri qayıtması kimi məsələlərə cavablar sülh müqaviləsində əksini tapmalıdır”. Fransız nazir onu da qeyd edib ki, brifinqdən sonra, nahar zamanı da azərbaycanlı həmkarı ilə müzakirələr aparacaq. 

Müəllif: Anar Bayramoğlu