Onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb
Ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin dövlət yol polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti qısa zamanda müəyyənləşib. Hadisənin paytaxt sakini Asif Niftəli tərəfindən törədildiyi məlum olub.
O, yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov Rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.