Bakı-Roma-Bakı və ya bir gəncin Vətən düşüncələri...

Maraqlı

10.10.2021 - 22:02

Həkimlər Klinikalar SEO Xidməti

İtaliyada təhsil alıb geri dönmək necə olur? - Bax, belə

Sizin xaricdə təhsil alan doğmalarınız, dostlarınız varmı? Əminəm ki, kiminsə ən azı tanış bildiyi biri xarici ölkədə təhsilini hansısa pillədə davam etdirir. Bəs təhsilini bitirmiş yaxınınızın Vətənə dönmək fikri necə, varmı? Bilirəm, bu sual çoxumuzu düşündürür.

Və AYNA-nın həmsöhbəti İtaliyada təhsil alıb Vətəninə geri dönən Abdulla Həsənlidir.

- Abdulla, xaricdə təhsil almaq zərurəti nədən yarandı?

- Çox gənc xaricdə təhsil almaq arzusu ilə yaşayır. Buna səbəb sonrakı iş həyatında ona verilən üstünlüklə bağlıdır və ya xarici təhsilə yiyələnməklə daha irəli getmə şansının olmasıdır. Sözsüz, bizim təhsil sistemində islahatlar davam etsə də, yetərli olmayan məqamlar var, bu səbəbdən xaricə üz tutmaq qərarına gəldim. Dünyanın və Avropanın ən qədim ali təhsil ocaqlarından biri olan, Romada yerləşən La Sapieza Universitetində (universitetin əsası 1303-cü ildə qoyulub) magistr təhsilimi davam etdirdim.

- Maraqlıdır, indi  texnoloji fənlər, sahə üzrə təhsilə can atanlar çoxdur. Sizin sahə daha çox siyasi elmlər üzrədir. Beynəlxalq əməkdaşlıq və inkişaf ixtisası maraqlıdır. Siyasi mühitə təsir etmək kimi amalınız var?

- Mənim öz sahəmə əvvəldən  marağım olub. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini bitirmişəm. BDU-nun “İlin Ən Yaxşı Tələbəsi” mükafatına layiq görülmüşəm. Azərbaycanda siyasi mühitə dolayısı yolla təsir etməyi düşünürəm və sahəmə akademik marağım var. Öz sahəm üzrə hansısa yerli ali təhsil müəsisəsində dərs vermək istəyərdim. Öyrəndiklərmi bu üsulla yeni nəsilə ötürmək yaxşı olardı.

- Xaricdə təhsil alan tələbələrin çoxu Vətənə dönmür. Onların çoxunun özünə görə səbəbi var. Əsas səbəb də xarici təhsil standartının burada tətbiqində maneələrin olmasıdır. Amma geri dönənləri də bir başqa qınayırlar. Əminəm ki, siz də bu qınaqla qarşılaşırsız...

- Mənim əvvəldən hədəfim xaricdə təhsl alıb geri qayıtmaq olub. İndi də çox gəncin arzusu xaricdə təhsil almaqdır. Amma çoxu getdikdən sonra dönməməyi də planlayır, necə deyərlər, buradan qurtulmaq istəyir. Məndə fərqli idi. Hədəf bakalavr təhsilimdən sonra magistr təhsilimi xaricdə almaq, biliyimi artırmaq, xarici təhsilli təcrübəni mənimsəmək və Vətənə geri dönmək, Azərbaycanda yaşamaqdır - necə ki, bunu arzuladığım kimi etmişəm. Artıq Vətəndəyəm.

Qınağa gəlincə, bəli, çoxu bunu deyir: “Niyə qayıtdın? Orada qalardın, yaşamaq, işləmək şansın, imkanların vardı”. Amma məndə bu alınmazdı. Mənim məqsədim əvvəldən belə idi. İtaliyaya gedəndə bu məqsədimi dəyişmək fikrim də olmadı ki, orada həyatımı davam etdirim. Bəli, gedib dönməyənləri haradasa anlamaq olar. Amma hər ağıllı, bacarıqlı insan Vətənini tərk etsə, burada necə olacaq, ölkədə kim qalacaq? Bu, özümüzü məhvə sürükləməkdir. Hələlik bəzi məsələləri dəyişmək şansımız var. Və bunu daha çox xaricdə təhsil alıb geri dönənlər, xarici təcrübəni tətbiq edənlər edə bilər. Bir də, bəlkə də, mənim dönmə səbəbim həddindən artıq patriot olmağımdır. Mən ölkəmdən kənarda qala bilmərəm, getsəm belə, bura üçün darıxıram, tələsirəm.

- Xaricdə təhsil alıb qayıdan, hətta yüksək postda, nazir səviyyəsində olanların nəyisə dəyişmək cəhdlərini görürük. Bəzən çox çətin olur, maneələr çoxdur. Bəlkə də bu qınaqlar buradan qaynaqlanır?

- Bəli, baş verənlərə şahidlik edirik. Ola bilər, bunun üçün xeyli illər gərək olsun. Çətin olsa belə, əsas odur ki, qarşıda məqsəd var. Ümid edirəm ki, istəyimə nail olaram. Əməklərimiz öz bərəsini verər. Hər kəs bir yerdən dəyişikliyə nail olmaq üçün yola çıxmalıdır.

- Heç düşünmüsünüz ki, “Vətənə geri dönməyimlə nə vaxtsa peşman olacam?” Sual yanlış anlaşıla bilər, əsla Vətənə qayıtmayanlara dəstək vermirəm. Sadəcə dönənlərin şikayətlərini ara-sıra eşitmək olur.

- Dediyim kimi, bu, xarakter məsələsidir. Mən İtaliyada təhsil aldığım müddətdə hər bayramda, fürsətdə qaçırdım bura. Pandemiya müddətində çıxış imkanları bağlandı, elə hey əlləşirdim ki, bura gəlim. Ölkəsini sevmək çox istəyin önünə keçəndə belə olur.

- Gəlin, bir az da, İtaliya ilə Azərbaycan təhsil sistemini yüngülcə müzakirə edək - müqayisəolunmaz olsa belə...

- Avropa təhsil sistemi ilə Azərbaycan təhsil sisteminin fərqlərini saymaqla bitməz. Bizdə də tətbiq olunan Boloniya sisteminin vətəni elə İtaliyanın Boloniya Universitetidir. Burada məqsəd tək tələbəyə ali təhsil vermək deyil. Demək olar ki, tələbənin təhsil alması üçün, təki oxusun deyə, hər cür imkan, rahatıq var. Müəllim tələbəyə uyğunlaşır, tələbə öz dərs proqramını özü qurur, kitabxana 24 saat açıqdır, imtahan cədvəlinin tərtibatı da tələbənin ixtiyarına verilib. Bizdə 5 sual ətrafında imtahan yazılı olur, bu da tələbənin bilik imkanlarını, nəyə qadir olduğunu ifadə edə bilmir. Amma İtaliyada şifahi imtahana üstünlük verilir, tələbə müəllim müsahibəsi zamanı tələbə bildiklərini, öyrəndiklərini təkcə söyləmir, həm də müəllimlə dialoqa girib aydınlaşdırır. Bütün tədris proqramının tərtib olunması demək olar ki, tələbənin ixtiyarına verilməsi çox müsbət haldır.  Beləcə tələbənin həvəsi, marağı azalmır. Müəllim kitabları, lazımi ədəbiyyatı tələbəyə verir, biz də gedib ona uyğun hazırlaşırıq. Azərbaycanda isə biz sualları əzbərləyib ona uyğun hazırlaşmalıyıq.

- Bizdə təhsildəki problemlər, tədris sisemindəki bitməyən boşluqlar nə ilə bağlıdır?

- Təhsildə çatışmazlığın əsas səbəbi monotonluqdur. Praktiki təcrübə demək olar ki, yox dərəcəsindədir. İllərlə aldığın təhsil sırf nəzəriyyəyə əsaslanır, bu da aldığın təhsilin, biliyin effektivliyini azaldır. Biz ali təhsil almaq üçün zaman xərcləyirik, amma o zaman içində istənilən nəticəyə gələ bilmirik.

Azərbaycan ali təhsil pilləsində ən böyük problemlərdən biri də yaşlı nəsildən olan müəllimlərin çoxluğudur. Bunu pis mənada demirəm. Onları qınamıram, Sovet təhsil sistemindən başqa sistemə keçid çoxunda uyğunlaşmanı ləngitdi və ya çoxu heç yeniliyi qəbul etmədi. Əlbəttə, yeni sistemlə ayaqlaşmaq çətindir. Həmin müəllimlər təcrübəli olsalar belə, tədris prosesində aktiv iştirak etmirlər və ya etmək istəmirlər. Yaxşı olardı ki, onlar işini elmi, akademik fəaliyyətlə davam etdirərdilər. İtaliyada yaşlı müəllimlərimiz də vardı, amma onlar dinamik, fəal idilər, texnologiyanı qavrayıb, müasir tədris sistemi ilə işləyə bilirdilər.

- Əvvəldən universiteti xaricdə oxumadığınız üçün təəssüf etmisiz?

- Bəli, nə yalan deyim... Hərdən fikirləşirəm ki, gərək bakalavrı da elə İtaliyada oxuyardım. Amma ola bilər ki, bunu haqsız düşünürəm. Həqiqətən Bakı Dövlət Universitetində müəllimlərimin üzərimizdə əməyi olub, bunu danmaq olmaz. Onlara qarşı nə isə iradlarım yoxdur, məsələ ümumi təhsil sistemindəki boşluqlarla bağlıdır.

- Maraqlıdır, İtaliyada tələbənin təhsildən əlavə sosial rifahı necə təmin olunur? Misal üçün, bizdə artıq dövlət ali təhsil ocaqları da daha çox ödənişli təsilə tərəf yön götürür. Yaxud rayondan gələn tələbə paytaxda kirayə ev axtarışı çətinliyini yaşayır.

- Mən İtaliyada sosial təqaüdlə təhsil alırdım. Orada akademik təqaüd də var. Bu təqaüd tədris göstəriciləri yüksək olan, fərqlənən, artıq uğurları olan tələbələr üçün təsis olunur. Bir təqaüd də var, xüsusi bacarıqları olan - müsiqi, idman, incəsənət sahəsində seçilən gənclərə verilir. Təqaüd qazanan tələbələr illik ödənişdən azad edilir. Bizdə təqaüd formaları barədə bir ara müzakirələr oldu, amma təəssüf ki, məsələ natamam qaldı. Halbuki, fərqli təqaüdlərin təsis olunması tələbələr arasında rəqabəti artırır, onları daha aktiv fəaliyyətə sövq edir. Azərbaycanda tələbələrin seçilmək, daha yaxşı olmaq kimi istəkləri yox dərəcəsindədir. Maraq da yoxdur - təqaüd almaq və ya seçilərək ödənişli əsasdan azad olunmaq kimi. İtaliyada isə tələbələrin yaşayışı üçün sosial dəstək saysızdır. Tələbənin ən vacib qayğısı onun tələbə yataqxanasında yerləşdirilməsidir ki, bu da Avropada olduğu kimi, İtaliyada da var.

- Abdulla, patriot olduğunuzu bilirəm, özünüz də qeyd etdiniz. Əminəm ki, İtaliyada Azərbaycanın təbliğatı işində də böyük rol oynamısız?

- İtaliyada Azərbaycan-İtaliya Gənclər Təşkilatı var. Biz bu istiqamətdə işimizi birgə görürdük. Sonuncu dəfə ötən il 2-ci Qarabağ müharibəsi ilə bağlı genişmiqyaslı aksiyalarımız, mitinqlərimiz oldu. Azərbaycanın apardığı mübarizənin haqlı və ədalətli olduğuna dair effektiv təbliğat aparıldı. Həmçinin müharibə dövründə yerli media, TV-lər üçün oradan canlı məlumatlar çatdırırdım.

2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyəti İli elan olunmuşdu. Ölkə rəhbərimizin də səfəri baş tutmuşdu. Təəssüf ki, əlamətdar il ilə bağlı xeyli mədəniyyət tədbirləri planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmalı oldu. Amma müharibə başlayanda təbliğatımızın istqaməti dəyişdi. Eyni həycanla, həvəslə prosesdə fəal iştirak etdik.

- Nəhayət, sabah Vətən sevginizi göstərəcək müqəddəs xidmətə yollanırsız. Hərbi xidmətə hazırsız?

- Sözsüz, hazıram. Hər bir Azərbaycan kişisinin uşaqlıqdan belə xidmətə getmək istəyi olur. Məndə də eyni istək olub. Təhsilimə görə hərbi qulluğa bir qədər gec başladım. Amma yenə də həvəslə, qürurla hərbi xidmətə hazıram. Hələ qalib ölkənin vətəndaşı kimi, müzəffər Ordumuzun qəhrəmanlığının ardından bu xidmətin başqa qüruru var.

- Abdulla, hərbi xidmətə sağ-salamat gedin-dönün. Bir il xidmətdə olacaqsınız, sosial mesajınız olmamış olmaz.

- Əsgər statusumu almağıma saatlar qalır. Amma müqəddəs xidmətdən qabaq onu deyə bilərəm: Azərbaycan gəncləri - istər şagird olsun, istər tələbə olsun, istər əsgər olsun, ya da sadəcə gənc olsun - unudulmamalıdır! Onların dəstəyə, qayğıya ehtiyacı var. Tək maddi dəstəkdən söhbət getmir. Gəncliyin inkişafı, irəli getməsi üçün maneələr aradan götürülməli, yollar təmizlənməlidir.

Müəllif: Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş