Bakı metrosu üçün dörd qatar Bakıya gətirilib

Xəbərlər

16.07.2021 - 17:58

Hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir

 

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılıb.

 

AYNA xəbər verir ki, bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir. Qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, tənzimləmə və sınaq işləri aparılacaq və sonra istismara veriləcək.

 

Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq.

 

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni"ndə 280 qatar mövcuddur.

Müəllif: Ayna.az