“AZGRANATA” MMC mediatur təşkil edib - <font color=red> FOTOLAR</font>

Xəbərlər

26.07.2021 - 13:36

Bir qrup jurnalist “AZGRANATA” MMC-yə məxsus meyvə şirələri və şərab emalı zavodunda olub

 

Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçısı “AZGRANATA” MMC Milli Mətbuatın yaranmasının 146-cı il dönümü ilə əlaqədar KİV nümayəndələri üçün mediatur təşkil edib.

 

AYNA xəbər verir ki, şirkətin İctmaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli zavodunun fəaliyyəti, istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Bildirib ki, müəssisədə istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı xarici bazarda da yerini möhkəmləndirir. Hazırda dünyanın 30 ölkəsinə məhsul ixrac edən zavodun ixrac potensialı artmaqda davam edir. Ü.Günəşli əlavə edib ki, zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. O həmçinin qeyd edib ki, zavodda hazırda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad,üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Zavodun illik istehsal gücü meyvə şirələri üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir.

 

Qonaqlar zavodun meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və tünd içkilərin saxlanılması anbarı, distillə sexi, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması sexləri, hazır və köməkçi xammalın saxlanılması bölümləri ilə tanış olublar. Burada jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda qonaqlara “AZGRANATA” MMC-nin brend məhsullarından ibarət hədiyyə paketləri təqdim edilib və xatirə fotosu çəkilib.

Müəllif: Aləmdə Nəsib