“Azəriqaz” millət vəkilinin ittihamlarına cavab verib

Cəmiyyət

10.09.2020 - 18:17

“Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir”

 

“Azəriqaz” İstehsalat Birliyi Milli Məclisin deputatı Məşhur Məmmədovun səsləndirdiyi fikirlərə cavab verib. AYNA-nın xəbərinə görə, deputat M.Məmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 10-da keçirilən iclasında “Azəriqaz”ı tənqid edib.

 

O deyib ki, qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur: “Masallıda seçicilər deyir ki, bir qaz xəttinin çəkilməsi üçün 16 400 manat tarif qoyulub. Halbuki, heç o evin qiyməti 5000 manat deyil. “Azəriqaz” İB-yə bir neçə dəfə müraciət etmişəm”.

 

“Azəriqaz” isə qeyd edir ki, deputatın müraciəti Masallı rayonu, Şərəfə kəndində yerləşən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlıdır.

 

Qeyd olunub ki, deputatın müraciətinə 2020-ci ilin 1 sentyabr tarixində yazılan cavabda həmin yaşayış məntəqələrinin qazlaşdırılmasının “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunduğu yazılıb.

 

“Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər”, - deyə “Azəriqaz”ın məlumatında deyilir.

 

O da bildirilib ki, deputat M.Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz”ın adının hallandırılması düzgün deyil: “Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir. “ASAN Xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişi ilə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” müdaxilə etmir.

 

Bu halda Birliyimiz yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğaclarını və texniki şərti ödənişsiz verir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunun araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

 

Lakin bütün bunlara baxmayaraq, abonent məmnuniyyətini daim üstün tutan Birliyimizin rəhbərliyi yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək”.

Müəllif: Ayna.az