Azərbaycanlı məşhurların koronavirus xeyriyyəçiliyi: <font color=red> Kim dar gündə dada yetir?</font>

Cəmiyyət

03.04.2020 - 14:24

Türkiyədə tanınmış şəxslər imkansız ailələrə yönəlik yardım kampaniyaları həyata keçirirlər, görəsən, bizdə vəziyyət necədir

 

Koronavirus pandemiyası dünyada yayılmaqda və can almaqda davam edir. Demək olar ki, dünyanın bütün dövlətləri bu durum qarşısında aciz qalıb və karantin tədbirlərinə start verib. Təbii ki, belə olan halda işsizlik, maddi sıxıntılar meydana çıxır. Bu vəziyyət, xüsusilə günəmuzd çalışanların başını dərdə salır.

 

Belə problemli vəziyyətdə qalanlar üçün müxtəlif ölkələrdə imkanlı şəxslər yardımlar təşkil edirlər. Məsələn, Türkiyədə tanınmış şəxslər imkansız ailələrə yönəlik yardım kampaniyaları həyata keçirirlər. Belə ki, məşhur idmançılar, müğənnilər, aktyorlar məlum vəziyyətə görə yüzlərlə işsiz vətəndaşı himayəyə alıblar. Daha doğrusu, həmin şəxslərin iki aylıq qida ehtiyaclarını öz üzərlərinə götürüblər.

 

Bəs, bu mənada ölkəmizdə vəziyyət necədir? Azərbaycanlı məşhurlar da belə təşəbbüslər göstərirlərmi yaxud buna hazırdırlarmı?

 

Mövzuya yerli məşhurlarla AYNA tutmağa çalışdıq.

 

Xalq artisti Səkinə İsmayılovanın sözlərinə görə, hər bir insanın ailəsi və ona ehtiyacı olan qohumları var: “Bu ailənin də çətin anlarında onlara kömək edəcək az sayda nümayəndələri var. Mənim də geniş ailəm, nəslim var və onların problemləri də mənim öhdəliyimdədir. Çünki hər bir insanın vəziyyəti eyni dərəcədə deyil. Hal-hazırda da bu məsələlər mənim nəzarətimdədir. Bacardığım qədər kömək etməyə çalışıram. Amma yenə də lazım olarsa, bu təşəbbüsə qoşulmağa hazıram. Çünki bu, hər bir azərbaycanlının borcudur. Mən də imkan daxilində yardım etməyə hazıram”.

 

Xalq artisti Mənsum İbrahimov bu cür kampaniyalara əvvəldən qoşulduğunu bildirib: “Mənim ətrafımda olan insanların əksəriyyəti məcburi köçkünlər, ehtiyaclı insanlardır. Mən də imkanım daxilində onlara kömək edirəm, hər zaman da etməyə hazıram. Cənab Prezidentin təşəbbüsünə qoşulanlardan birincisi də mən oldum və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul köçürdüm və hər kəsi də bu təşəbbüsə qoşulmağa çağırdım”.

 

Müğənni Lalə Məmmədova isə hər bir sənətçinin illərdir dəstək olduğu ailələrin olduğunu deyib: “Bəzi müğənnilər bunu açıq şəkildə deyirlər, bəziləri isə gizlədirlər. Mən bu haqda heç vaxt danışmamışam və danışmaq da istəmirəm. Lakin belə bir kampaniya olsa, çox yaxşı olar. Əgər kimsə özünü reklam etmək istəyirsə, kampaniyaya qoşulsun, özünü reklam etsin. Amma mən bundan uzaq olan bir insan kimi demək istəyirəm ki, nəinki koronavirus dövründə, hər zaman imkanım təqdirində kömək etmişəm və etməyə də hazıram”.

 

Müğənni və aparıcı Murad Arif hesab edir ki, ən yaxşı dəstək Koronavirusla Mübarizə Fondu ilə əməkdaşlıq etməkdir: “Mən özüm fərdi olaraq koronavirusdan əvvəl də xeyriyyəçilik işləri ilə məşğulam və bunu heç yerdə elan etmirəm. Ona görə də mənim üçün xeyriyyə mövzusunda heç nə dəyişməyib. Türkiyədəki məşhurlar bunu indi-indi etməyə başlayıblarsa, mən bunu çoxdan edirəm. Bunu da yanında olduğum ailələr bilir. Mənə elə gəlir ki, bu dövrdə fırıldaqçılardan sığortalanmaq üçün yaxşı olar ki, bu kampaniya sistemləşmiş formada təşkil olunsun. Yəni imkansız ailələrə də dəstək fondu olsa həmişəki kimi orada da iştirak edəcəm. Ürəyində şəfqət hissi olan hər bir insan da imkansız alilələrə əl tutmalıdır”.

 

Əməkdar artist Fərqanə Qasımova bildirib ki, artıq əksər müğənnilər bu təşəbbüsə qoşulublar: “Bu təşəbbüsü çox yaxşı qarşılayıram. Əlbəttə ki, mən özüm də bu təşəbbüsə qoşular və əlimdən gəldiyi qədər yardım edərəm”.

 

Xalq artisti Nazpəri Dostəliyeva da himayəsində bir neçə ailə olduğunu vurğulayıb: “Bir neçə imkansız ailə var ki, onlar çətin durumda yaşayırlar. Yəni mənim himayəmdə ailəm var. Digər məsələlərə də “yox” deməmişəm”.

 

Müğənni Dilarə Kazımova da həmkarları ilə eyni fikirdə olduğunu bildirib: “Açıq demək düzgün deyil, amma bu günə qədər mən və digər sənətçi dostlarım çox ailəyə kömək etmişik. Çalışırıq ki, mən və dostlarım bizə müraciət edən insanları geri qaytarmayaq”.

 

Karate üzrə Dünya və Avropa çempionu Rafael Ağayev isə sualımıza bir cümlə ilə cavab verdi: “Mən kiməsə yardım edəndə onu reklam etmirəm, özüm edirəm”.

Müəllif: Mərahim Nəsib