Azərbaycanlı gənc alimin Gürcüstanda kitabı çap olunub

Xəbərlər

11.06.2021 - 15:34

Gürcü və rus dillərində nəşr olunan elmi kitabı Fatma Hacıyeva 44 günlük Vətən müharibəsinə ithaf edib

 

Gürcüstanın “Universal” nəşriyyatında gənc alim, Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) "Ginekologiya" şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Fatma Hacıyevanın "Vərdişi düşüklərdə infeksion markerlərin  diaqnostik əhəmiyyəti" adlı beynəlxalq indeksli kitabı rus və gürcü dilində işıq üzü görüb.

 

AYNA xəbər verir ki, elmi kitabın titul səhifəsində “Əsərin 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunur” sözləri yazılıb. Kitabın üz qabığında isə Xarıbülbülün təsviri verilib.

 

Monoqarafiyanın baş məsləhətçisi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin baş direktoru, Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri, "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək"Assosasiyasının prezidenti, tibb elmləri doktoru, professor Cəmilə Fazil qızı Qurbanovadır.

 

Elmi əsərin məsləhətçisi isə Azərbaycan Tibb Universitetinin “Ginekologiya” şöbəsinin müdiri, Mamalıq və Ginekologiya kafedrasının professoru Səadət Həsən qızı Sultanovadır.

 

Monoqrafiyanı qələmə alarkən Fatma xanım şəxsi praktiki fəaliyyətini nəzəri biliklərlə birləşdirmək qərarına gəlmişdir. Gənc alimin elmi araşdırmaları və tədqiqatları nəticəsində dərc olunan kitab qadınlarda aktual problemlərdən olan- təkrarlanan hamiləlik itkilərinə, bu problemin həllində yeni diaqnostik meyarların aşkarlanmasına , müasir müayinə metodlarının yeni alqoritmlərinə həsr olunmuşdur.

 

 

Müəllif: Ayna.az