“Azərbaycanın İsraildə səfirlik açmasının vaxtıdır”

Siyasət

11.07.2020 - 17:57

Tofiq Zülfüqarov: “Bu məsələdə İranın reaksiyasına əhəmiyyət vermək lazım deyil”

 

İranın Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri bu ölkənin İctimai Televiziyasının efirində rəsmi İrəvanın İsraildə səfirlik açmaq qərarından danışaraq, "İran Ermənistanın İsraildə səfirlik açmaq qərarına hörmətlə yanaşır" dedi. Eyni zamanda, onun sözlərinə görə, İsrail həmişə İranın ən yaxın qonşuları ilə münasibətləri korlamağa çalışıb.

 

“Hər zaman rəsmilərlə görüşlərimiz zamanı narahatlığımızı bildiririk. Mövqeyimiz belədir: qonşularımızla yaxşı münasibətlərimiz var və onları korlamaq istəmirik”, - deyə səfir bildirdi.

 

Buna baxmayaraq, bu gün Azərbaycanın İsraildə səfirliyi yoxdur, baxmayaraq ki, yəhudi dövləti ilə çox yaxşı münasibətlərimiz var. Mütəxəssislərə görə, ölkəmizin diplomatik nümayəndəliyinin olmamasının səbəblərindən biri də Azərbaycanın qonşu İranla münasibətləridir.

 

Mövzunu AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, hər bir suveren dövlət kimi Azərbaycan da zəruri hesab etdiyi dövlətlərlə münasibət qurmaq hüququna sahibdir: “Buna görə də İranın bu məsələdəki reaksiyasına fikir vermək düzgün deyil. İranla dostuq, amma özümüz öz taleyimizlə bağlı qərar vermək üçün müstəqil bir dövlət olmuşuq. Azərbaycanın İsraildə səfirliyini açmaq fikri gecikmiş bir addımdır və bu, nə qədər tez baş versə, bir o qədər yaxşı olar”.

“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar”

Diplomat deyib ki, bu münasibətlər Azərbaycanda uzun müddətdir həm siyasilər, həm də ictimaiyyət arasında anlaşılmazlıq və təəccüb doğurur: “Biz bir növ ikili standartlarla üz-üzəyik: İran gözlənilən müsəlman həmrəyliyi əvəzinə Ermənistanla münasibətləri inkişaf etdirir. Bu münasibətlərin əsası İranın vasitəçilik missiyası zamanı, Şuşa işğal edilərkən qoyulub. 1992-ci ilin mayında mən özüm o vaxt Tehrandakı Azərbaycan nümayəndə heyətinin tərkibində idim. Buna əsaslanaraq İran tərəfinin işğala necə göz yumduğunu və üstəlik, Ermənistanla sıx münasibətlər qurmağa başladığını təsəvvür etmək çətindir”.

 

“Azərbaycan tərəfi həmişə cənub qonşusunun belə yanaşmasını tənqid edib. İranın buna necə münasibət sərgiləməsindən asılı olmayaraq, İsraildə Azərbaycan səfirliyinin açılması çoxdan yetişmiş bir mövzudur. Mən deməzdim ki, İranın rəsmi mövqeyi ümumi qəbul edilmiş münasibət normalarına ziddir. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə bağlı dəfələrlə İran tərəfinin müvafiq açıqlamalarının da şahidi olmuşuq. Ancaq eyni zamanda, İrandakı bəzi dairələrin bir çox sahələrdə Ermənistanla münasibətləri inkişaf etdirdiyini görürük”, - Zülfüqarov bildirib.

 

Onun fikrincə, bu məsələ təkcə Azərbaycanla İran arasındakı münasibətlərin ruhuna zidd deyil, həm də İranın özündə vəziyyəti gərginləşdirə bilər: “İran ilə Ermənistan arasındakı münasibətlərin daha da dərinləşməsinin qarşısındakı maneələrdən biri də İranın şimalında yaşayan azərbaycanlılardır. Onlar Azərbaycanda yaşayan həmvətənlərinin problemlərinə getdikcə daha həssas yanaşırlar”.

 

Sabiq nazir hesab edir ki, İran rəhbərliyinin Ermənistanla münasibətləri genişləndirmək cəhdləri İranda sayı on milyonlarla olan və İran isteblişmentində çox böyük vəzifələr tutan azərbaycanlılara görə da vüsət ala bilmir: “Vəziyyət çox mürəkkəbdir və birmənalı deyil. İsraildə Ermənistan səfirliyinin açılması artıq Ermənistan-İran münasibətlərinə aid bir məsələdir. Bu gün keçmiş Sovet İttifaqı ölkələrinin demək olar ki, hamısı İsraildə səfirliklərini açıb və hətta dövlət başçıları bu ölkəyə səfərlər edirlər. Azərbaycan da İsrail ilə əməkdaşlığı genişləndirmək üçün bir sıra tədbirlər görür. Beləliklə, İsraildə səfirlik açmağın vaxtı gəlib”.

Müəllif: Nicat Hacıyev