Azərbaycanda aparılmış COVID-19 testlərinin sayı 5 milyonu ötüb

Xəbərlər

15.10.2021 - 18:06

Son sutka ərzində aparılan testlərin sayı 11 min 346-dır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 5 milyonu ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölkədə ümumilikdə 5 milyon 973 test aparılıb.

Məlumata əsasən, son sutka ərzində aparılan testlərin sayı 11 min 346-dır.

Azərbaycanda COVID-19-u müəyyən etmək məqsədilə PZR testlərindən istifadə edilir. Molekulyar test adlandırılan bu COVID-19 testi polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metodun istifadəsi nəticəsində virusun genetik materialını (DNT və ya RNT) müəyyən edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunəyə əsasən müəyyən edilir və nəticə təxminən 12-24 saat ərzində hazır olur. PZR istifadə olunan diaqnostik metodlar arasında həssaslığı və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləyici test olaraq qəbul olunub.

Qeyd edək ki, koronavirusu müəyyən edən digər antigen, İgM və İgG testləri də mövcuddur. Lakin bu testlər yalnız məlumat xarakterlidir.

Müəllif: Ayna.az