Azərbaycan və Ermənistan nümayəndələri delimitasiya üçün görüşürlər - Diqqət sərhədə!

Aktual

28.11.2023 - 14:10

İlham İsmayıl: “Komissiyanın görüşündə müsbət nəticələr əldə olunarsa, sülh sazişinin də elə bölgədə - ikitərəfli danışıqlar nəticəsində imzalanması mümkün olar”

Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd edilib.

Qeyd edək ki, noyabrın 22-də Ermənistan XİN Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlindiyini açıqlamışdı.

Ekspertlər bildirirlər ki, xeyli müddət aradan sonra Komissiyanın iclasının keçirilməsi sülh prosesinə təkan verə bilər.

Görüşlə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Komissiyanın iclasının keçirilməsi müsbət haldır:

- Xüsusilə, görüşün sərhəddə keçirilməsinin də əhəmiyyəti böyükdür. Əvvəldən bildirmişdik ki, komissiya üzvlərinin danışıqlar aparması üçün ən yaxşı yer sərhəddir. Bizim Ermənistanla 1016 kilomtrlik quru sərhədimiz var. Bu görüş Qazaxda keçirilsə, praktik baxımdan daha yaxşıdır. Bu gün problem olaraq qalan məsələlərdən biri məhz 8 anklav və esklav kəndlərin məsələsidir. Bu kəndlər – Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Ona görə də delimitasiya və demarkasiya ilə bağlı Komissiyanın üzvlərinin Qazaxda görüşməsi sülhə doğru bir addımdır. Anklav və esklav kəndlərin məsələsinin danışıqlar yolu ilə həlli vacibdir.

Hesab edirəm ki, Komissiyanın sərhəddə görüşünü tez-tez keçirmək, müzakirələri sürətləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının ilkin şərtlərindən biri sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsidir. Bu detallar həllini tapmalıdır. Anklav və esklav kəndlər probleminin üzərinə getməliyik. İkinci Qarabağ müharibəsi və ondan sonra baş verənlər göstərir ki, əsas problemin üzərinə gedəndə qələbə qazanırıq.

- Sizcə, Qazaxın 7, Naxçıvanın bir kəndinin məsələsi necə yoluna qoyulacaq, yaxud qoyulmalıdır?

- Anklav və eksklav kəndlərin qaytarılması danışıqlar predmetidir. Düşünürəm ki, sülh sazişindən əvvəl 8 kəndin azad edilməsi üçün danışıqlar aparılmalı, prinsipial razılıq əldə olunmalıdır. Mütləq deyil ki, 8 kənd Azərbaycana, Başkənd isə Ermənistana qaytarılsın. İki kənd – Naxçıvanın Kərki kəndi və Gədəbəyin Başkəndi perspektivdə təhlükə mənbəyi ola bilər. Çünki Kərki Azərbaycan ərazisindən, Başkənd isə Ermənistan ərazisindən 13-15 kilometr aralıdır. Təsəvvür edin ki, ermənilər Başkəndə gəlmək üçün Azərbaycanın 7 kəndinin yanından keçməlidirlər. Biz də Kərkiyə getmək üçün Ermənistanın içi ilə uzun yol getməliyik. Hesab edirəm ki, bu təhlükənin qarşısını almaq üçün torpaq mübadiləsi həyata keçirilə bilər. Dünya praktikasında da buna rast gəlinib. Söhbət güzəştdən getmir, mübadilədən gedir.

- Demək istəyirsiniz ki, Kərki ilə Başkənd dəyişdirilə bilər?

- Yenə deyirəm, bu məsələlər danışıqlar yolu ilə həllini tapmalıdır. Düzdür, Kərki kəndinin ərazisi Başkəndin ərazisindən kiçikdir, ona görə də Ermənistan bu mübadiləyə razı olmaya bilər. O zaman Qazaxın anklav kəndlərinin ərazisi hesabına bunu yoluna qoymaq olar. Məsələn, Qazaxın Yuxarı Əskipara kəndi kifayət qədər anklavdır. Bu kəndin ərazisi hesabına da torpaq mübadiləsi mümkündür. Eksklav kəndlərimiz isə birmənalı şəkildə qaytarılmalıdır. Yaxşı olardı ki, anklav və eksklav kəndlərin məsələsində sülh sazişi imzalananadək prinsipial razılıq əldə edilsin. Çünki sonradan həmin məsələ Ermənistanın təxribatları üçün münbit şərait yaradır.

- Bildirdiniz ki, delimitasiya və demarkasiya ilə bağlı Komissiyanın iclaslarının sürətlənməsi sülh sazişinin bağlanmasına təkan verə bilər. Ümumiyyətlə, danışıqların dalana dirəndiyi, görüşlərin keçirilmədiyi bir şəraitdə sülh sazişinin imzalanması nə qədər mümkündür?

- Ermənistan tərəfindən Azərbaycanın sülh təkliflərinə verilən cavablara baxanda görünən odur ki, rəsmi İrəvan sülhdə maraqlı deyil. Guya ki, Ermənistan sülhdən yanadırlar, bununla bağlı Azərbaycana çağırış edirlər, amma rəsmi Bakı sülhdən yayınır. Qranada və Brüssel görüşlərindən Azərbaycanın imtinasını da əsas gətirirlər. 44 günlük müharibədən sonra Azərbaycan 5 prinsiplik sülh layihəsini təqdim edib, bu hər kəsə məlumdur. İndi Ermənistan bunu da öz adına çıxır. Düzəlişlərində Azərbaycanın maraqlarına uyğun olmayan məsələləri qaldırırlar. Məsələn, Ermənistan gələcəkdə ərazi iddialarının olmayacağını üzərinə götürmür. Eyni zamanda, Ermənistan silahlanma ilə məşğuldur. Yenə deyirəm, sərhədlərin müəyyənləşməsi sülh sazişinə doğru əsas addımlardan biri olacaq. Ermənistanın başqa yolu yoxdur. İrəvan anlayır ki, onların təkidi ilə Azərbaycana edilən bəzi beynəlxalq təzyiqlər də səmərəsizdir. Sərhəddə delimitasiya və demarkasiya ilə bağlı Komissiyanın görüşündə müsbət nəticələr əldə olunarsa, sülh sazişinin də elə bölgədə - ikitərəfli danışıqlar nəticəsində imzalanması mümkün olar.

Müəllif: Anar Bayramoğlu