Dünya ölkələrinin rəhbərləri İlham Əliyevə təbrik məktubları ünvanlayıblar
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AYNA.AZ xəbər verir ki, məktubda deyilir:
"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir.
Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram.
Sizə və həmvətənlərinizə sülh, əmin-amanlıq və möhkəm cansağlığı diləyirəm".
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İsrail xalqı ölkələrimiz arasındakı dostluq münasibətlərini qeyd etməkdə mənə qoşulur.
Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.
Xanım Mixalın və mənim gözəl ölkənizə səfərimiz zamanı keçirdiyimiz görüşləri həmişə xatırlayacağam və mən prezidentlik dövrümdə ikitərəfli əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm dostluq təməlimizi inkişaf etdirməkdə çalışmağa sadiqəm. Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.
“Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir.
Bir daha bu əlamətdar gündə səmimi təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı əmin-amanlıq, firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Əziz dostuma hörmətlə və ən xoş arzularla”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir.
Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.
Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Sizə və dost Azərbaycan Respublikasının bütün xalqına ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə inkişaf yolunda ardıcıl şəkildə və qətiyyətlə irəliləyir, ölkənizin beynəlxalq aləmdəki nüfuzu möhkəmlənir.
Tacikistan və Azərbaycanı dostluq və qarşılıqlı hörmətə əsaslanan tarixi ənənələr birləşdirir.
Tacikistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli və ardıcıl inkişafı ölkəmizin xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Əminliyimi bildirirəm ki, birgə səylərimiz sayəsində ölkələrimizin malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərimizi bundan sonra da möhkəmləndirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost və qardaş Azərbaycan xalqına isə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram".
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım.
Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və
xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.
Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir.
Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi - ittifaq səviyyəsinə yüksəldi.
Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş "yol xəritələri"nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.
Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm".
Bundan başqa, İspaniyanın Kralı VI Felipe də dövlətimizin başçısını təbrik edib:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".
Bununla yanaşı, Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho da Prezident İlham Əliyevə təbrik məktubu göndərib:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm".
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz".