Dörd ölkə Avropaya elektrik enerjisi tədarükü üçün dəhlizin yaradılmasını müzakirə edirlər
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri elektrik enerjisi nəqli üçün quru əsaslı tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparırlar. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladze deyib.
Onun sözlərinə görə, yeni təşəbbüs istənilən maraqlı ölkədən, əsasən qonşu dövlətlərdən Gürcüstan vasitəsilə Avropaya elektrik enerjisi tədarükünə imkan verəcək.
"Bu, iqtisadi baxımdan çox vacib və maraqlı bir təşəbbüsdür, çünki tranzitlə yanaşı, Gürcüstan öz elektrik enerjisini də ixrac edəcək ki, bu da öz növbəsində yerli müəssisələri dəstəkləyəcək və ölkənin enerji sektorunun yüksək səviyyəli inkişafına töhfə verəcək", - deyə nazir müavini əlavə edib.