Aya Sofyanın məscidə çevrilməsi qərarı qəbul olunub

Dünya

09.07.2020 - 12:15

Qərarın iyulun 10-da rəsmən elan ediləcəyi gözlənilir

 

Türkiyənin Dövlət Şurası, Aya Sofyanı məscidə çevirmək barədə yekdilliklə qərar verib. AYNA xəbər verir ki, bu barədə jurnalist Raqib Soylu özünün “Twitter”dəki hesabında hökumətdəki mənbələrinə istinadən məlumat paylaşıb.

 

Qərarın iyulun 10-da rəsmən elan ediləcəyi gözlənilir. Jurnalistin fikrincə, ölkə müxalifəti 1934-cü ildə Mustafa Kamal Atatürk hökumətinin verdiyi qərarın ləğv edilməsinə qarşı çıxmaq niyyətində deyil.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Dövlət Dumasının deputatları məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət etmişdilər. Rus deputatlar hesab edirlər ki, katedralın statusunun dəyişdirilməsi Rusiya vətəndaşları üçün həssasdır. "Qlobal muzey statusunda olan katedralla bağlı tələsik qərar vermək münasibətlərimizə zərər verə bilər”, - deyə Duma üzvləri bildirmişdilər.

 

Qeyd edək ki, Müqəddəs Sofya Katedralı VI əsrdə İmperator Yustiniyanın əmri ilə tikilib. Osmanlılar o vaxtı Konstantinopol adlandırılan İstanbulu fəth etdikdən sonra katedral məscidə çevrilib. Lakin 1935-ci ildə müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Aya Sofyaya muzey statusu verib.

 

Onu da bildirək ki, iyunun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köməkçilərinə Aya Sofyanın rəsmən məscidə çevrilməsi üçün hazırlıqlar aparılmasını tapşırıb. İyulun 2-də Türkiyə Ali Məhkəməsi, Aya Sofyanın statusunun Prezident fərmanı ilə dəyişdirilə biləcəyi ilə bağlı qərar qəbul edib.

Müəllif: Ayna.az