Avropa İttifaqı Azərbaycanda ali təhsilə 1,2 milyon avro vəsait ayırıb

Xəbərlər

06.12.2019 - 17:13

Avropa İttifaqı ali təhsildə ixtisas proqramlarını yeniləyir

 

Avropa İttifaqı (Aİ) Azərbaycanda ali təhsilin yaxşılaşdırılması üçün 1,2 milyon avro ayırıb.

 

AYNA xəbər verir ki, əsas məqsəd ali təhsil müəssisələrində yeni beynəlxalq trendlərin tətbiqinə nail olmaqdır. Bu barədə məlumatı Aİ-nın Azərbaycan üzrə nümayəndəliyinin müşaviri Simona Qatti jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə birgə reallaşdırılan layihə ali təhsil müəssisələrində rəqabətliliyə nail olmaq üçün tvinninq layihəsi çərçivəsində bir çox təkliflər, metodlar təklif olunur. Layihə Avropa İttifaqının üç ölkəsindən - Fransa, Litva, Latviyadan ibarət konsorsium tərəfindən həyata keçirilir.

 

Təqdimatla çıxış edən layihənin rezident tvinninq müşaviri Yelizaveta Bydanova qeyd edib ki, baloniya sisteminə Azərbaycan hələ 2005-ci ildə qoşulub. Bu, üçpilləli təhsil sistemi olsa da, Azərbaycanda, əsasən, magist və bakalavr sistemində yeniliklərə ehtiyac var.  

 

Layihədə əsas tövsiyələrdən biri ali təhsil müəssisələrinin öz təhsil proqramları üzrə işləməsidir. Bu mənada universitetlərə müstəqillik verilməlidir, çünki Avropa standartlarında da bu xüsusiyyət var. Təhsil Nazirliyi (TN) ilə məsləhətləşmələrimizdən sonra belə qərara gəldik ki, hələlik müstəqil təhsil proqramlarını tətbiq etmək birdən-birə olmaz, bu zamanla həllini tapa bilər. Digər məsələ ali təhsil müəssisələrində tələbəyönümlü yanaşmanın tətbiqidir, başqa sözlə, təhsilin daha çox tələbələrin istəyinə uyğun qurulmasıdır. Bundan başqa, artıq əsas  ixtisasların akreditasiyası aparılıb. Burada hədəf bu ixtisasların nə qədər proqressiv və işlək olduğunu dəqiqləşdirməkdir. Çünki çox halda bəzi sahələrin, ixtisasların zamanın tələbinə uyğun sıradan çıxmasıdır.

 

Bakalavr pilləsində təhsil üzrə 140 ixtisas proqramın müasir tələblərə uyğunlaşdırılacağını nəzərə çatdıran Y.Bidonova əlavə edib ki, təhsil proqramlarının yenilənməsində tələbələrin də fikir və rəyləri nəzərə alınıb. Magistr proqramlarının yenilənməsi isə yaxın 3 il ərzində nəzərdə tutulur.

 

Layihənin digər elementi xarici ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulmasıdır.

 

Ekspertin sözlərinə görə, aparılan işlər nəticəsində məlum oldu ki, azərbaycanlı tələbələrdə çatışmayan çəhətlər var: “Bu, əslində onların gələcəkdə uğurlu iş imkanlarını əldə etməsinə mane olan məqamlardır. Bu tələbələrin ünsiyyət qurmaq, komanda ilə iş görmək, uğurlu təkliflər irəli sürmək, özünü təsdiq etmək bacarıqlarının zəif olmasıdır. Bu cəhətlərin də gücləndirilməsi nəzərdə tutulur. Onların səriştələrinin artırılması məqəsdiylə ali təhsil müəsisələrində iş aparılması vacibdir. Tələbələrin məşğulluğunun artırılması da layihənin əsas məqsədlərindəndir”.

 

Tədbirdə AYNA-nın “Azərbaycan ali təhsil sistemi bu layihədən nə qazanacaq” sualını cavablandıran TN-nin ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Yaşar Ömərov bildirib ki, bu gün Azərbaycanda təhsilli insanlarla yanaşı,  ixtisaslı kadrlara ehtiyacı var: “Bu səbəbdən sözügedən layihədə də məqsəd keyfiyyətli ali təhsil sahəsində Avropa standartlarını tətbiq etməklə kadrların hazırlanmasına nail olmaqdır. Hazırda seçilmiş əsas 15 ixtisas üzrə təhsil proqramı yenilənib və layihənin pilot hissəsi kimi tətbiq olunur”, - deyə TN rəsmisi nəzərə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsinə 2018-ci ilin aprelindən start verilib və 2020-ci ilin aprelində başa çatacaq.                                        

Müəllif: Raminə Eyvazqızı