Avropa ilə Asiyanı birləşdirən körpü - Zəngəzur dəhlizi

Siyasət

02.12.2021 - 09:36

‘‘Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır’’

Zəngəzur dəhlizi, onun tarixi, Azərbaycan və region üçün strateji əhəmiyyəti, qlobal geosiyasətdə yeri və rolu günümüz üçün ən aktual və diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki Zəngəzur dəhlizi həm tarixi baxımdan, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülhün, harmoniyanın və əməkdaşlığın bərpası baxımından fundamental əhəmiyyət kəsb edir. Bütün bunlara nəzər salmadan öncə bir daha  Zəngəzurun Azərbaycanın tarixi və əzəli torpağı olduğunu vurğulamaq yerinə düşər. 

Zəngəzur sözünün leksik mənası bir çox tədqiqatçıların tədqiqat obyekti olub. Tədqiqatçılara görə,  Zəngəzur adındakı “zəngi” leksik vahidi türk tayfa adıdır. Bu oğuz-türk tayfasının izləri türkdilli respublikalarda və Azərbaycanın bir çox yer adlarında qalmaqdadır:  Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Digər tədqiqatçıların, fikrincə, isə Zəngəzur sözündəki ikinci leksik vahid ərəbcə “sur” dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib). Bu ad ərazinin relyefini - yəni zəngilərin məskunlaşdığı dağlıq yeri dəqiq təsvir edir.

Tarixə nəzər salsaq, XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsinin Qarabağ xanlığının, digər bir hissəsinin isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olduğunu görə bilərik. 1918-1920-ci illərdə isə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur Azərbaycanın tərkibində ayrıca inzibati bölgə - qəza oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində belə söyləyib: “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

Və o gün gəlib çatdı. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev 10 noyabr müqaviləsində Zəngəzur dəhlizindən bəhs olunmasını “tarixi uğur” kimi qiymətləndirdi.

Türkdilli ölkələri bir-birindən ayıran, qədim Zəngəzur mahalından keçəcək dəhliz bu ölkələri birləşdirən yol olmaqla yanaşı, həm də hazırda coğrafi cəhətdən bölünmüş türk dünyasını birləşdirən quru əlaqəsi olacaq. Bu strateji yol nəinki Naxçıvanla birbaşa əlaqələri bərpa etməyə, həmçinin muxtar respublikanı nəqliyyat blokadasından azad etməyə, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına imkan verəcək. Ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı birləşdirən ana xətt, türk dünyası arasında yaranmış körpü olacaq.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılışı ilə bağlı nitqində belə söyləyib: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin normallaşmağa başlaması üçün şərtlərdən biridir. Prezident vurğulayıb ki, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağa və bu iki ölkə ilə "sərhədlərini müəyyən etməyə” çalışmalıdır.

Zəngəzur dəhlizinin regional və qlobal geosiyasətdə yeri və rolu nədir?
 
Tarixi və qədim Azərbaycan torpağı olan Zəngəzur üzərindən kommunikasiya regionun tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Strateji əhəmiyyətli Zəngəzur dəhlizi Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanları yaradacaq, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəyini xeyli artıracaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunu artıracaq, Türkiyədən Azərbaycana, Xəzər dənizi vasitəsilə Orta Asiyaya çıxış imkanlarını təmin edəcək.

Əgər Ermənistan regional əməkdaşlığa önəm verərsə və Zəngəzur dəhlizindən bəhrələnərsə, müsbət sosial-iqtisadi göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafa nail olmaq imkanı əldə edə bilər.

Çinin müxtəlif media qurumları, siyasətçiləri və analitikləri “Bir kəmər-bir yol” layihəsində həmişə “Orta yol” adlandırdıqları nəqliyyat dəhlizinə böyük önəm verir və son zamanlar bu baxımdan Zəngəzur dəhlizi xüsusi vurğulanır. Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla birlikdə bu dəhliz Asiya-Sakit okean regionu ölkələrinə böyük fayda verə bilər və burada Çinin qazanacağı daha çox şey var.

Ekspertlər dəfələrlə bildiriblər ki, Çinin “Bir kəmər, bir yol” layihəsi qlobal geosiyasi və geoiqtisadi mənzərəni yeniləyə bilər. Layihə quru və dəniz yollarında müxtəlif ölkələri əhatə edən nəhəng sistemə bənzəyir. Asiya və Avropanın bir çox ölkələri bu prosesə qatılmaqdadır. Layihə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də kommersiya və iqtisadi əlaqələrin ucuz, təhlükəsiz və sürətli qurulmasıdır. Bu məqsədlə “Şimal yolu”, “Orta yol”, “Cənub yolu” kimi terminlər yaranıb. Şimal marşrutu Rusiyadan keçməklə Avropaya, Orta yol Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyə, Cənub marşrutu isə Cənubi Asiyadan keçməklə İranı da əhatə edən marşrutdur. O cümlədən Zəngəzur dəhlizinin açılması Gürcüstan marşrutunun tamamlanması deməkdir. Çünki söhbət yalnız Azərbaycandan Gürcüstana yüklərin daşınmasından getmir. Gürcüstan həm özünün, həm Qara dəniz hövzəsi ölkələrinin, həm də Avropadan yüklərin Zəngəzur dəhlizi vasitəsilə İrana, Körfəz ölkələrinə və başqa regionlara münasib qiymətə çatdıra və bundan xeyli gəlir əldə edə bilər. Bu o deməkdir ki, Zəngəzur dəhlizi yalnız bir istiqamətdə və hansısa seçilmiş ölkələrin maraqlarına xidmət edəcək bir kanal olmayacaq, ondan regionun bütün ölkələri müxtəlif istiqamətlərdə əlaqələr formasında faydalanacaqlar. 
 
Və sonda bunu demək yerinə düşər ki, Ermənistan tərəfi istər Zəngəzur dəhlizi ilə bağlı, itərsə də digər məsələrlə bağlı bizim şərtlərimizi qəbul etməlidir. Çünki 44 günlük müharibədən sonra biz Ermənistan tərəfinin hər tərəfli məğlubiyyətinin şahidi olduq. Və bu məğlubiyyətin nəticəsində imzalanan kapituliyasiya aktının müxtəlif istiqamətləri var, lakin, hələ ki, təzminat məsələsi, müharibə cinayətkarlarının beynəlxalq məhkəmələrdə cəzalandırılması məsələsi özünü göstərmir. 
 
Hər şeydən öncə Ermənistanın haqsız işğalının nəticəsi olaraq Azərbaycanın heç bir şeylə ödənilməyəcək insan itkisi var və bu itki heç bir təzminatla, pulla əvəzlənə bilməz. Biz erməni torpaqlarını işğal etmədik. Onlar haqsız işğala imza atdılar və bunu nəticəsində 1 milyondan çox qaçqın və köçgünlərimiz oldu, 30 il biz haqqımız olan torpaqlardan istifadə edə bilmədik və üstəlik bu torpaqlar minalı və biz bu torpaqları yenidən canlandırmağa çalışırıq. Bunların heç biri diqqətdən kənarda qalmamalıdır. Çünki bunların hamısı Azərbaycan millətinin, xalqının, dövlətinin haqqıdır.

Günay Bəhramzadə

Dövlət İdarəçilik Akademiyasının magistr I kurs tələbəsi 

Müəllif: Ayna.az