“Atəşkəs üçün bizə çox ciddi zəmanətlər verilməlidir” - <font color=red> PREZİDENT</font>

Siyasət

05.10.2020 - 17:13

İlham Əliyev: “Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq”

 

Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində Dağlıq Qarabağdakı gərginlikdən, Azərbaycan Ordusunun əks-əməliyyatlarından danışıb.

 

AYNA-nın xəbərinə görə, aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən Prezident bildirib ki, atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir: “Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Azərbaycanın bu müzakirələrdə 30 ilə yaxındır ki, ümidlərlə iştirak edib. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”.

 

“İşğal altındakı torpaqlarımızın geri alınması ilə bağlı əməliyyat plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilib. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir. Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”, - deyə ölkə başçısı qeyd edib.

 

İlham Əliyev qeyd edib ki, bizim tələblərimiz var: “Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?”..

 

Bütün bu sualların havada qaldığını bildirən Prezident deyib ki, bu suallara cavab yoxdur: “Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam”.

Müəllif: Ayna.az