Atatürkün böyüklüyü - II yazı

Xəbərlər

18.10.2023 - 22:51

Atatürk və Stalin

Atatürk 1923-cü ildən vəfat etdiyi 1938-ə qədər təhsil sistemində inqilabi islahatlar apararaq modern Türkiyənin yaranmasında misilsiz rol oynamışdır. Mustafa Kemal Paşa faktiki olaraq yeni nəsillər yetişdirmişdir. Arxaik şərqli düşüncə tərzini dəyişdirdiyinə görə isə o, bir qəhrəmandır…

Hitler Almaniyasından və III Reyxin antisemit siyasətindən qaçan, Albert Eynşteynin müraciəti ilə Türkiyə sığınan yəhudi əsilli alimlər ölkədə Atatürkün başlatdığı təhsil islahatlarının həyata keçirilməsində aparacı rol oynamışlar.

1933-cü ildə İstanbulda Darülfünun ləğv edilir və onun yerinə Qərbi Avropa standartında ilk universitetin açılmasına qərar verilir. İstanbul Universitetinin açılması ilə əcnəbi alimlər Tibb, Texniki elmlər, Ədəbiyyat, Hüquq və İqtisadiyyat fakültələrində fəaliyyətə başlayırlar. Bu alimlər sayəsində tədris proqramları zamana uyğunlaşdırılır,  universitet kitabxanası genişləndirilir, dərsliklərin keyfiyyəti və sayı artır. Elmi araşdırmalarla yanaşı Eynşteynin göndərdiyi alman alimlər assistent, müəllim və professorlar yetişdirməyə başlayırlar.

Türk hökumətinin tapşırığı ilə İsveçrə alimi prof. Albert Malche “Rapport sur l’Universite d’Istanbul” adlı bir hesabat hazırlayır. Bu hesabatdan sonra ölkədə bir sıra yeni ali məktəb və fakültələr, o cümlədən İstanbul Ali Texniki Məktəbinin Memarlıq Fakültəsi, Ankarada Kənd Təsərrüfatı və Baytarlıq Fakültəsi, Dövlət Konservatoriyası açılır və modernləşir.

Bu arada Nasist Almaniyası Ankaradan alman alimlərini geri yollamağı tələb edir. Tam da o günlərdə Hitler ordusu Yuqoslaviya və Yunanıstanı işğal etmə ərəfəsində idi. Hərbi müdaxilə təhlükəsi sürətlə Türkiyə sərhədlərinə yaxınlaşırdı. Buna rəğmən Atatürk III Reyxə rədd cavabı verilməsini əmr edir.

İş o yerə çatır ki, Hitler öz imzası ilə Baş nazir İsmət İnönüyə məktub yazaraq “Sizdə olanları göndərin, əvəzində biz daha yaxşı adamlar göndəririk” deyir. İnönü Hitlerə “Bizə əlimizdə olanlar da yetər” deyərək Reyxskanslerin tələbini geri çevirir.

Türkiyə xarici alimlərin həyatını xilas edir, onlara ev, iş verir, hər birinə maaş bağlayır. Xalq isə sevgisini əsirgəmir. Özlərini güvəndə hiss edən yəhudi əsilli elm və sənət adamları Atatürkə və Türkiyəyə bütün bilik və təcrübələrini verirlər. Məsələn, İstanbul Universitetində çalışan professorların tamamının ən az bir kitabı nəşr olunur. Tibb fakültəsinin professorlarının isə əksəriyyəti iki, üç, bəziləri isə hətta dörd kitab nəşr etdirirlər. Bu illər ərzində Fritz Arndt, Ernst Hirsch, Alfred Isaac, Fritz Neumark, Curt Kosswig, Andreas Schwarz kimi alimlərin beşdən çox elmi kitab və dərsliyi işıq üzü görür.

Ernst Hirsch bir çox qanunların, məsələn, Türkiyə Ticarət Məcəlləsinin və Türkiyənin Müəllif Hüquqları Qanununun qəbul edilməsində əsas rolu oynayır. O, 1946-cı ildə qəbul edilmiş muxtariyyət qanunu kimi tanınan mühüm Universitet Qanununa da imzasını aıtır.

1935-dən etibarən Türkiyədə ilk dəfə olaraq elmi jurnallar çap edilməyə başlanır – Hüquq Fakültəsi jurnalı və Elm Fakültəsi jurnalı, habelə Roman dilləri, Tibb, İqtisadiyyat, Psixologiya və Pedaqoqika jurnalı nəşrə başlayır. Bu jurnallarla alman professorlar elmə yeni həvəs, elmi rəqabətə görülməmiş həyəcan qatırlar.

Alman alimlərin yazdıqları yüzlərlə (!) kitablar, universitet nəşrləri və tərcümələr yeni bir zümrənin yaranmasında tarixi rol oynayırlar. Bu gün Türkiyə universitetlərində çalışan bir çox professorlar ya bu əcnəbi alimlərin tələbələri, ya da onların tələbələrinin tələbələridir. 

Türkiyəyə sığınan bu elm və sənət adamlarının buraxdıqları miras o qədər nəhəngdir ki, onu təsvir etmək imkansızdır:

Fritz Arndt və Friedrich Breusch kimyada;
Tibbdə Erix Frank, Feliks Haurowitz, Rudolf Nissen, Werner Lipschitz, Ziegfried Oberndorfer, Philipp Schwartz və Hans Winterstein; Kurt Kossviq zoologiyada; Leo Braune və Alfred Heilbronn botanikada; Astronomiyada Wolfgang Gleissberg və Erwin Finlay Freundlich; Ernst von Aster və Hans Reichenbach fəlsəfədə; Gerhard Kessler sosiologiyada;
Vilhelm Peters pedaqogikada; Fritz Neumark, Alfred Isaac və Alexander Rüstou iqtisadiyyatda;
Leo Spitzer filologiyada; Ernst Hirsch və Andreas Schwarz hüquq sahəsində özün əsil mənasında çevriliş etmiş, ölkə tarixinin gedişatını dəyişdirmişdir…

***

Oxuduğunuz bu yazını yazmağa hələ qərar verməmişdim.

Moskvada yaşayan məşhur həmyerlimiz, prof. Yusif Osmanov zəng elədi.

Ona Atatürkün işlərindən danışanda Elm fədaisi olan dostum alman alimlərinin aqibətini soruşdu. “Onların çoxu 2-ci Dünya müharibəsindən sonra ya Almaniyaya ya da Amerikaya qayıtdılar”, – cavab verdim. Telefonun o biri ucundan Yusif Bəyin düşüncəli səsi gəldi:  “Bir də Stalinlə müqayisə et Atatürkü”… Nə söhbət başladı, bir bilsəz…

Stalin alman alim və mühəndisləri əsir alıb, oğurlayaraq gətirirdi Sovetə…

Atatürk isə dəvət edərək;

Stalin oğurladıqların adını gizli tutdu, ailələrinə belə bildirmədi…

Atatürk isə onların qürurlarını oxşadı, hər birini tək-tək Türkiyəyə tanıtdı;

Stalin gündüzlər alman alim və mühəndisləri işlətdi, axşamlar dustaq həyatı sürdürtdü…

Atatürk isə onlara hüsnü-qəbul göstərdi, yüksək kürsülər verdi, ev verdi, izzət göstərdi;

Stalin onlardan istifadə edib, atdı…çoxları Vətənlərinə belə dönə bilmədilər…

Türkiyə isə alman alimləri hörmətlə, şan və şərəflə yola saldı, adlarını Cümhuriyət tarixinə saldı…

Belə bir liderdir Böyük Atatürk!

P.S.

“Atatürkün Böyüklüyü” adlı 2 yazımı Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində bitirdiyim üçün buradaki qeydlərimi gətrib ona bağlayacaqdım ki, bu gün Azərbaycanın da belə bir Təhsil İslahatına ehtiyacı var. Ancaq düşündüm ki, bu haqda ayrıca bir yazı yazmaq lazımdır və bu yazı əslində təkliflərdən ibarət olmalıdır. Mən bu məsələyə necə baxıram? Riskli də olsa yazmağa cəsarət tapmağa çalışacam…

Müəllif: İbrahim Nəbioğlu