Atatürkün Azərbaycanı satması iddialarına cavab: <font color=red> “Nankorlar!”</font>

Maraqlı

09.06.2020 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Professor: “Əgər Azərbaycanı Rusiyaya Atatürk satmışdısa, bəs onda Orta Asiya respublikalarını, Gürcüstanı, Ukraynanı kim satmışdı?”

 

Son vaxtlar Türkiyə və Azərbaycanın sosial mediasında Atatürkün Azərbaycanı Leninə 5 milyon lirə müqabilində satması iddiaları dolaşır. Yayılan məlumata görə, Mustafa Kamal Atatürk 1920-ci ildə Azərbaycan Cümhuriyyətini, sosialist respublikaları ittifaqı qurmaq istəyən Leninə 5 milyon lirəyə satıb.

 

Lakin professor Kamil Allahyarov AYNA-ya açıqlamasında bu iddiaları əsassız adlandırıb və bunu yayanları sərt tənqid edib.

 

“Ümumiyyətlə, Mustafa Kamal Atatürkün əleyhinə uydurulan yalanlar son zamanlar daha da artıb. Son iddia da odur ki, guya, Atatürk Azərbaycanı Leninə “satıb”. Birincisi, o zaman Rusiya Türkiyəyə pul yox, 5 milyonluq silah verib, həm də bu silah Türkiyəyə "Azərbaycanı satmaq" müqabilində deyil, hər iki dövlətin ümumi düşmənləri olan Qərb dövlətləri ilə mübarizə məqsədilə verilib. İkincisi isə, o zaman Lenin ümid edirdi ki, Atatürk Türkiyədə sosialist dövləti yarada bilər. Əgər Azərbaycanı Rusiyaya Atatürk satmışdısa, bəs onda Orta Asiya respublikalarını, Gürcüstanı, Ukraynanı və başqa respublikaları ruslara kim satmışdı? Hər ağlı başında olan siyasətçi üçün aydın idi ki, ruslar nəyin bahasına olursa olsun, neft Bakısını tutacaqlar”, - müsahibimiz deyib.

Kamil Allahyarov bu məlumatların yayılmasında dini kəsimi günahlandırır: “Böyük Atatürkə belə böhtanları bəzi dindarlar və ruhanilər atırlar, çünki vaxtilə Atatürk onların xalqa mövhumatlar satan "baqqal dükanlarını" bağlamışdı. Ona görə də bu zümrələr qorxurlar ki, əgər atatürkçülər yenidən hakimiyyətə gələrlərsə, onların müftəxorluqları yenə əldən gedə bilər. Bu insanlar heç bunu da nəzərə almaq istəmirlər ki, əgər o zaman Atatürk olmasaydı, Qərb dövlətləri Türkiyəni parçalayıb, bir hissəsini yunanlara, bir hissəsini də ermənilərə verəcəkdilər. Təbii ki, belə olan halda İslam da əldən gedəcəkdi, müsəlmanlar da xristianların köləsinə çevriləcəkdilər. Ona görə də, əslində, bu insanlar Atatürkün qədrini bilməlidirlər”.

 

“Ancaq bunun əvəzinə bu nankorlar öz şəxsi mənafeləri naminə bir tərəfdən ona qara yaxmaqla, gözdən salmaqla, digər tərəfdən isə Türkiyə ilə Azərbaycan arasında təfriqə yaratmaqla məşğul olurlar. Halbuki, Qərb tədqiqatçıları Atatürkü Bismark, Çörçil və Ruzveltlə bir sırada dayanan dahi dövlət başçısı kimi dəyərləndirirlər. Böyük şair Səməd Vurğun çox gözəl deyib ki, “Günəşi örtsə də qara buludlar, yenə Günəş adlı bir qüdrəti var””.

Müəllif: Bünyamin