Senatorlar Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırışlarını təzələyiblər
Bir sıra amerikalı qanunvericilər Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, amerikalı senatorlar atəşkəs danışıqlarında az irəliləyiş olduğu bir vaxtda Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırışlarını təzələyiblər.
Agentliyin məlumatına görə, ABŞ Senatındakı 100 senatordan 73-ü Rusiya və onun ticarət tərəfdaşlarına qarşı ilkin və ikinci dərəcəli sanksiyaların tətbiqini təklif edən qanun layihəsini dəstəkləyir.
Konqresin aşağı palatasında oxşar qanun layihəsini 435 qanunvericidən ən azı 28-i dəstəkləyib. Eyni zamanda, “Reuters” qeyd edir ki, heç bir palatada qanunvericilər bu qanun layihələri üzrə mümkün səsvermənin tarixini hələ qeyd etməyiblər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynada sülh əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib. O sanksiyaların "dağıdıcı" olacağını vəd edərək, aşağı neft qiymətləri səbəbindən Rusiyanın iqtisadi vəziyyətini “ağır” adlandırıb.